media-inshot_20250925_145757607

“Bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş, regionun gələcək siyasi mənzərəsini müəyyənləşdirəcək əsas hadisələrdən biri kimi dəyərləndirilir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, sentyabrın 25-də Vaşinqtonun Ağ Evində keçiriləcək görüşdə ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

Politoloqun sözlərinə görə, görüşdə əsas diqqət Yaxın Şərqdə təlükəsizlik məsələlərinə, hər iki ölkə arasındakı münasibətlərə, regional təhlükəsizlik məsələlərinə və tərəfləri maraqlandıran digər aktual mövzulara yönələcək:

“Birinci növbədə danışıqların mərkəzində Yaxın Şərqdə təhlükəsizlik məsələləri, xüsusilə də Suriya böhranı və terrorla mübarizə dayanacaq. Türkiyə bölgədə sabitliyin təmin olunması üçün hərbi, siyasi və diplomatik baxımdan aparıcı oyunçuya çevrilib. Ərdoğan rəhbərliyi altında Türkiyə həm NATO üzvü kimi, həm də regional güc olaraq balanslaşdırıcı rolu gücləndirib. ABŞ-Türkiyə münasibətlərində müdafiə sənayesi, xüsusən də F-16 təyyarələrinin modernləşdirilməsi və yeni texnologiyaların ötürülməsi də müzakirə predmeti olacaq. Türkiyənin regiondakı enerji layihələrinə verdiyi dəstək də ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Ərdoğan həmçinin Qafqaz, Orta Asiya və Qara dəniz bölgəsində Türkiyənin təsir imkanlarını genişləndirərək Vaşinqton üçün əvəzolunmaz tərəfdaşa çevrilib. İkitərəfli görüşdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə ticarət dövriyyəsinin artırılması məsələsi gündəmdə olacaq”.

media-676c105fa6e39

T. İsmayılovun fikrincə, Ərdoğanın lider mövqeyi Vaşinqton dairələrində də hiss olunur və bu, ilk növbədə Türkiyənin Şərqə, o cümlədən Qafqaza olan güclü təsiri ilə bağlıdır. Politoloq qeyd edib ki, məhz buna görə də qarşıdakı görüş Türkiyənin beynəlxalq nüfuzunu daha da gücləndirəcək:

“Türkiyə son illərdə iqtisadiyyatında göstərdiyi dayanıqlılıqla ABŞ şirkətləri üçün cəlbedici bazar hesab olunur. Ərdoğan beynəlxalq platformalarda sərgilədiyi qətiyyətli mövqe ilə Türkiyəni güc mərkəzinə çevirməyi bacarıb. ABŞ-də fərqindədir ki, Türkiyəsiz Yaxın Şərqdə və Qafqazda sabitlik qurmaq mümkün deyil.

Danışıqlarda müdafiə əməkdaşlığı ilə yanaşı, Ukrayna böhranı və Qara dənizdə təhlükəsizlik məsələlərinin də müzakirə olunacağı gözlənilir.

Türkiyə burada həm NATO müttəfiqi, həm də regional aktor kimi mühüm vasitəçi rolunu icra edir. Ərdoğanın diplomatik çevikliyi ABŞ üçün alternativsiz tərəfdaş obrazını daha da gücləndirir.

Türkiyənin İsrail–Fələstin münaqişəsində tarazlaşdırıcı mövqeyi də Vaşinqtonla dialoqda müzakirə ediləcək əsas mövzulardandır. Bu görüşün nəticələri həm ikitərəfli münasibətlər, həm də ümumi regional siyasət üçün yeni mərhələ açacaq. Ərdoğanın sərgilədiyi liderlik Vaşinqtonda da qəbul olunur və bu, Türkiyənin nüfuzunu artırır. Türkiyə yalnız regional deyil, qlobal siyasətdə də getdikcə daha çox söz sahibi olur. Nəticə etibarilə, Tramp–Ərdoğan görüşü ABŞ–Türkiyə münasibətlərinə strateji dərinlik qazandırmaqla yanaşı, Türkiyənin beynəlxalq güc statusunu bir daha təsdiqləyəcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər