Vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə niyə ödənilmir? - AÇIQLAMA
Vəfat etmiş şəxsin pensiya kapitalından ailə üzvlərinin istifadə edə bilməməsi sosial problem olaraq zaman-zaman gündəmə gəlir. Toplanmış pensiya kapitalının vərəsələrə ödənməməsi nə qədər ədalətlidir?
Bu hal konstitutsiyada necə tənzimlənir?
Patrul.az mövzu ilə bağlı vəkil Ramil Vəliyevə müraciət edib.
Onun sözlərinə görə, vəfat etmiş şəxsin topladığı pensiya kapitalının ailə üzvlərinə ödənilməməsi Azərbaycanda uzun illərdir hüquqi və sosial müzakirə mövzularından biridir:
“İnsanlar hesab edir ki, işlədikləri dövrdə əməkhaqqından tutulmuş və fərdi hesablarında toplanmış vəsait onların şəxsi əmlakı kimi qəbul edilməlidir. Xüsusilə şəxs pensiya yaşına çatmadan vəfat etdikdə həmin kapitalın dövlət büdcəsində qalması ailələr tərəfindən ədalətsiz sayılır. Bir çox hallarda vəfat edən şəxsin ailəsi illərlə onun qazancı hesabına formalaşmış vəsaitdən istifadə edə bilmir. Bu isə sosial ədalət prinsipi ilə bağlı ciddi suallar yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsi isə hər kəsin mülkiyyət hüququna malik olduğunu təsbit edir. Pensiya kapitalı fərdin adına açılmış şəxsi hesabda toplandığından, onun mülkiyyət xarakteri daşımalıdı”.

Həmsöhbətimiz hesab edir ki, şəxsin əmək fəaliyyəti nəticəsində formalaşan kapital vərəsəlik predmetinə daxil edilməlidir:
“Digər tərəfdən, dövlət orqanları bildirirlər ki, pensiya sistemi sosial sığorta prinsipinə əsaslanır və bu vəsait klassik bank əmanəti hesab edilə bilməz. Mövcud qanunvericilikdə yalnız müəyyən hallarda pensiya kapitalının istifadə olunması nəzərdə tutulur. Əmək pensiyaları haqqında qanun fərdi hesabdakı vəsaitin tam şəkildə vərəsələrə ödənilməsini ümumi qayda kimi qəbul etmir. Bu səbəbdən bir çox ailələr hüquqi boşluq və sosial narazılıqla üzləşirlər. Xüsusilə aztəminatlı ailələr üçün həmin vəsaitin əlçatan olmaması ciddi maddi problemlər yaradır. Beynəlxalq təcrübədə isə bəzi ölkələrdə toplanmış pensiya kapitalının vərəsələrə verilməsi mexanizmləri mövcuddur. Bu yanaşma həm mülkiyyət hüququnun müdafiəsi, həm də sosial ədalətin təmin olunması baxımından daha balanslı hesab edilir”.
R.Vəliyev qeyd edib ki, Azərbaycan Konstitusiyası sosial təminat hüququnu təsbit edir və dövlətin vətəndaşların sosial müdafiəsini təmin etməli olduğunu bildirir:
“Sosial dövlət prinsipi və mülkiyyət hüququ birlikdə qiymətləndirildikdə, pensiya kapitalının ailə üzvlərinə müəyyən qaydada verilməsi ideyası hüquqi baxımdan əsaslandırıla bilər. Çünki şəxs işlədiyi müddətdə həmin kapitalın formalaşmasına faktiki olaraq öz əməyi və gəliri ilə iştirak etmiş olur. Hüquqi islahatlar aparılarsa, həm vətəndaşların etimadı artar, həm də sosial ədalət prinsipi daha dolğun təmin oluna bilər. Buna görə də vəfat etmiş şəxsin pensiya kapitalının taleyi ilə bağlı qanunvericiliyin yenidən nəzərdən keçirilməsi cəmiyyət üçün aktual və vacib məsələlərdən biri olaraq qalır”.
Ləman Sərraf






