media-photo-output

Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsinin 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir. Bəs verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Patrul.az-a açıqlama verib:

“2026-cı ildən etibarən fiziki şəxslərin daşınmaz əmlaklarını kirayəyə verməsi zamanı tətbiq olunan vergi dərəcəsi 14%-dən 10%-ə endiriləcək.

Hər hansı əmlak kirayəyə verilirsə, kirayə müqaviləsi mütləq şəkildə notarial qaydada bağlanmalıdır. Notarial qaydada rəsmiləşdirilən müqavilədə tərəflərin hüquq və vəzifələri dəqiq şəkildə qeyd olunur. Bu, gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin hüquqi həllini asanlaşdırır. Tərəflərdən biri müqavilə şərtlərini pozduğu halda hüquqi məsuliyyət daşıyacaq.

Əmlak bazarına, xüsusilə kirayə bazarına nəzər salsaq, görərik ki, çox hallarda ev sahibləri müqavilə müddəti bitməmiş kirayə haqqını artırır və ya mənzili satmaq məqsədilə müqaviləni ləğv edir. Digər tərəfdən, bəzi kirayəçilər əmlaka qəsdən ziyan vurur və bu da ev sahibinə ciddi maddi zərər yaradır. Məhz buna görə notarial müqavilənin bağlanması vacibdir”.

Ekspert qeyd edib ki, bu cür müqavilələrdə tərəflərin öhdəlikləri hüquqi qüvvəyə malik olur və müddət bitənə qədər heç bir tərəf öhdəlikdən yayınmaq hüququna malik deyil:

“Qanunvericiliyə əsasən, 2026-cı ildən etibarən kirayədən əldə olunan gəlirdən 10% vergi tutulacaq. Bu vergi mənzil sahibinin gəlirindən çıxılır və əvvəlki 14% dərəcəsinin azalması nəticəsində daha sərfəli hala gətirilib.

Bundan başqa, notarial müqavilə bəzi hallarda mənzil sahibinin məsuliyyətdən azad olunmasına imkan yaradır. Məsələn, kirayə verilmiş mənzildə cinayət hadisəsi baş verərsə, notarial müqavilə mənzilin qanuni şəkildə icarəyə verildiyini sübut edir və sahibini məsuliyyətdən qoruyur.

Kirayə bazarında tez-tez rast gəlinən digər problemlər fors-major hallar – su basması, qısaqapanma, yanğın və s. nəticəsində yaranan zərərlərdir. Bu hallar çox vaxt məsuliyyətsiz kirayəçilərlə bağlı olur. Buna görə kirayə müqaviləsi bağlanarkən mənzildə qalacaq şəxslərin şəxsiyyət vəsiqələrinin surəti sahə müvəkkilinə təqdim edilməlidir”.

Ekspert bildirib ki, bu addım gələcəkdə həmin ərazidə cinayət, fövqəladə hal, zəlzələ və ya müharibə kimi hadisələr baş verərsə, hüquq-mühafizə orqanlarının ərazidə yaşayan şəxslərlə bağlı dəqiq məlumata sahib olması baxımından vacibdir və ümumi təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir.

Ləman Sərraf


Bənzər xəbərlər