Virtual dünyada aktiv, real həyatda susqun olmağın səbəbləri nədir? - Psixoloqdan şərh
Müasir dövrdə bir çox insanlar sosial şəbəkələrdə olduqca aktiv, ünsiyyətcil və açıq görünmələrinə baxmayaraq, real həyatda daha sakit, çəkingən və içinə qapanıq davranırlar. Mütəxəssislər hesab edir ki, virtual mühit insanlara özlərini daha rahat ifadə etmək imkanı yaratdığı üçün bu fərq getdikcə daha çox nəzərə çarpır. Xüsusilə gənclər arasında bu davranış forması psixoloji və sosial baxımdan maraq doğuran məsələlərdən biri sayılır.
Bəs sosial şəbəkədə aktiv, real həyatda isə içinə qapanıq olmağın əsas psixoloji səbəbləri nələrdir?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Ailə Terapevti Samirə Rəhimova bildirib ki, sosial təşviş yaşayan insanlar özlərini daha təhlükəsiz hiss etdikləri üçün sosial şəbəkələrdə daha aktiv olurlar:
“Sosial şəbəkələrdə aktiv, real həyatda isə qapanıq olmaq müasir dövrdə tez-tez rast gəlinən bir durumdur. Bu davranışın arxasında bir neçə klinik və psixoloji səbəb dayana bilər. Adətən sosial təşvişi olan şəxslər real ünsiyyətdə mühakimə olunmaq, rədd edilmək və ya utandırılmaq qorxusu yaşayırlar. Onlayn mühit isə bu riskləri azaldır: mesajı redaktə etmək, cavab verməzdən əvvəl düşünmək və ya ümumiyyətlə cavab verməmək imkanı insana təhlükəsiz mühit yaradır”.

S. Rəhimova qeyd edir ki, bəzi insanlar sosial şəbəkələri özlərini rahat ifadə etdikləri “təhlükəsiz sığınacaq” kimi görərək real ünsiyyətdən uzaqlaşırlar:
“Digər bir tərəfdən özünü ifadə etmə problemi yaşayan insanlar, sosial şəbəkələrdə özlərini istədiyi kimi göstərə bilərlər – yalnız ən yaxşı tərəflərini biruzə vermək, gözəl həyatı vizuallaşdırmaqla sanki təsəlli tapırlar. Son vaxtlar məhz gənclər tərəfindən sosial şəbəkələr, müxtəlif oyun platformaları sanki “təhlükəsiz sığınacaq” kimi qəbul edilir. Ən təhlükəli məqam isə, insanın real ünsiyyətdən tamilə qaçması, cəmiyyətdən izolyasiya olmağa çalışmasıdır. Bu cür əlamətlər artıq kliniki durum kimi qiymətləndirilə bilər”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələr bəzən insanın emosional boşluqdan qaçış vasitəsinə çevrilir:
“Online aktivliyin gündəlik funksionallığa mənfi göstərdiyi hallar da, məsələn yuxu rejiminin pozulması, təhsildə və ya işdə məhsuldarlığın aşağı düşməsi ciddi bir siqnaldır ki, mütəxəssis dəstəyinə müraciət olunsun. Bəzən hətta real həyatda insan emosional boşluq hiss edəndə müdafiə mexanizmi kimi sosial şəbəkələri görür”.
Cəmilə Cəfərzadə






