WUF13 Azərbaycana milyardlıq qazanc gətirə bilər? - AÇIQLAMA
Bakıda keçiriləcək World Urban Forum 13 Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal tədbirlərə ev sahibliyi potensialını göstərən mühüm platformalardan biri hesab olunur. Forumun turizm, xidmət sektoru və investisiya mühiti baxımından ölkəyə həm qısamüddətli iqtisadi aktivlik, həm də uzunmüddətli əməkdaşlıq imkanları qazandıracağı gözlənilir.
WUF-13 forumunun Azərbaycanda keçirilməsi iqtisadiyyat, investisiya mühiti və turizm sektoruna hansı təsirləri göstərə bilər?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, World Urban Forum 13 Azərbaycanın iqtisadi aktivliyini, turizm və xidmət sektorunu qısa müddətdə canlandırmaqla yanaşı, uzunmüddətli dövrdə investisiya mühitini və beynəlxalq imicini gücləndirən mühüm imkanlar yaradır:
“WUF-13 forumunun Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatına həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlər baxımından əhəmiyyətli imkanlar yaradır.
Qısa müddətdə forumun keçirilməsi otelçilik, iaşə, nəqliyyat, logistika və xidmət sektorlarında gəlirlərin artmasına zəmin yaradacaq. Xaricdən gələn qonaq və nümayəndələrin xərcləri daxili iqtisadi dövriyyəni canlandıracaq, eyni zamanda müvəqqəti iş yerlərinin açılmasına da şərait yaradacaq. Bundan başqa, belə miqyaslı beynəlxalq bir tədbirə ev sahibliyi etmək Azərbaycanın dünya mediasında görünürlüyünü əhəmiyyətli dərəcədə artıracaq”.

A. Nəsirli qeyd edir ki, World Urban Forum 13 xarici investorların Azərbaycanda yeni layihələrə marağını artıraraq əsasən şəhərsalma, enerji və nəqliyyat sahələrində investisiya imkanları yarada bilər:
“Uzunmüddətli perspektivdə isə forum ölkənin investisiya mühitinə ciddi töhfə verə bilər. Xarici investorlar Azərbaycanın iqtisadi potensialı, infrastruktur layihələri və biznes mühiti ilə bilavasitə tanış olacaq, bu da gələcək investisiya əməkdaşlıqlarının əsasını qoyacaq. Xüsusilə şəhərsalma, yaşıl enerji, tikinti, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi üçün əlverişli mühit formalaşa bilər”.
İqtisadçının sözlərinə görə, WUF-13 Azərbaycanın turizm potensialını artırmaqla yanaşı, ölkənin beynəlxalq imicini gücləndirir, yeni biznes əlaqələri və əməkdaşlıq imkanları yaradır:
“Turizm baxımından da forum mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq tədbirlər üçün etibarlı və cazibədar bir məkan kimi dünya ictimaiyyətinə təqdim olunur. Bu tanıtım isə gələcək illərdə ölkəyə gələn turist axınının artmasına birbaşa təsir göstərəcək. Əlavə olaraq, forum beynəlxalq əlaqələrin möhkəmlənməsinə, yeni biznes tərəfdaşlıqlarının formalaşmasına və yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına da dəyərli fürsətlər yaradacaq”.
Cəmilə Cəfərzadə






