media-inshot_20251105_162458464

“44 gün davam edən müharibə sadəcə bir təqvim aralığı deyildi. Bu, bir millətin 30 illik sükutdan sonra azadlıq nidası idi. Hər dağda, hər səngərdə, hər şəhərdə Azərbaycan əsgərinin iradəsi döyünürdü. Ordunun gücü, xalqın birliyi və dövlətin qətiyyəti bu Zəfəri yazdı. Əsgər ön cəbhədə, xalq arxada, Prezident isə ön sıralarda dayanmışdı – dövlətin səsi, xalqın ruhu kimi”.

Bu sözləri Patrul.az-a açıqlamasında deputat Elnarə Akimova 8 Noyabr – Zəfər Günü ilə bağlı öz təəssüratlarını bölüşərək deyib.

Deputat bildirib ki,8 Noyabr – Zəfər Günü xalqın birliyi, ordunun gücü və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə qazanılmış tarixi qələbənin rəmzidir:

“Ali Baş Komandan İlham Əliyev hər qələbə xəbərini xalqa çatdıranda sanki illərin ağrısını bir cümlə ilə sağaldırdı. Və nəhayət, 8 noyabrda tarixi an yetişdi – Prezident xalqa üz tutdu:

“Əziz həmvətənlər, bu gün Azərbaycan xalqına müjdə vermək istəyirəm: Şuşa şəhəri azad edildi! Qarabağ Azərbaycandır!”

O an milyonlarla insanın gözündə yaş, dilində tək bir söz var idi – Zəfər. Bu, təkcə bir şəhərin azadlığı deyil, bir xalqın dirilişi idi.

Zəfər Günü Azərbaycanın müstəqil dövlət kimi tarix səhnəsində öz yerini möhkəmləndirdiyi gün oldu. Bu qələbə göstərdi ki, xalqın birliyi, ordunun qüdrəti və rəhbərin iradəsi birləşəndə, heç bir işğal, heç bir ədalətsizlik əbədi ola bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb:

“Biz bu qələbəni döyüş meydanında, xalqın birliyi, dövlətin iradəsi, ədalətin gücü ilə qazandıq. Bu Zəfər bizim milli iftixarımızdır”.

E. Akimovanın sözlərinə görə, Zəfər Günü Azərbaycan üçün təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli ruhun yüksəlişi və yenidənqurma əzminin simvoludur:

“Həmin gün yalnız Qarabağ azad olmadı – həm də Azərbaycan xalqının milli kimliyi, özünə inamı və dövlətinə sarsılmaz etibarı azad oldu.Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı yalnız silahla deyil, ruhla döyüşən bir xalqdır. Müəllim, həkim, jurnalist, tələbə, kəndli – hamı eyni ideya ətrafında birləşmişdi: “Qarabağ Azərbaycandır!” Bu birliyin memarı, bu ruhun daşıyıcısı isə xalqın inandığı lider – Ali Baş Komandan İlham Əliyev idi. 44 gün ərzində xalq Prezidentin çıxışlarını səngərdə əsgərin duası kimi dinlədi. Onun hər cümləsi həm siyasi bəyanat, həm də xalq üçün mənəvi dayağa çevrildi.Zəfər müharibənin sonu deyil, yeni bir dövrün başlanğıcı idi. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri, yollar, hava limanları, “Ağıllı kənd” layihələri, su və enerji infrastrukturu — bütün bunlar Zəfərin sülh içindəki davamıdır. Prezident İlham Əliyev bu yenidən qurma işlərini gözə ifadə etmişdir:

“Biz bu torpaqlara dağıtmaq üçün yox, qurmaq üçün qayıtmışıq”.

Bu, Azərbaycanın müharibədən sonra bərpa modelinin fəlsəfəsidir – nifrətdən sonra quruculuq, dağıntıdan sonra həyat”.

media-img-20251105-wa0013

Deputat həmçinin bildirib ki, Zəfər Günü xalqın yaddaşında azadlıq, birlik və milli kimliyin əbədi simvoluna çevrilib:

“Bu il Prezident Elmlər Akademiyasının 80 illik yubileyində çıxış edərək belə dedi:

“Hər bir millət üçün ana dili onun milli mənsubiyyətinin əsas amilidir. Biz dilimizi, kimliyimizi qorumasak, Zəfəri də qoruya bilmərik”.

Bu fikir Zəfərin ideoloji davamını ifadə edir. Artıq mübarizə təkcə torpaq uğrunda deyil, milli yaddaş, dil və mədəniyyət uğrundadır. Çünki dilin saflığı, mədəniyyətin gücü, tarixə hörmət bu xalqı qalib edən əsas sütunlardır.8 Noyabr bu gün yalnız bir tarix deyil, milli yaddaşın bayramıdır. O gün Azərbaycan xalqı öz gücünə, ordusuna, rəhbərinə və ədalətə inamının sarsılmaz olduğunu sübut etdi. Şəhidlərin ruhu, qazilərin fədakarlığı, xalqın birliyi bu Zəfəri əbədiləşdirdi.Hər il noyabrın 8-də Azərbaycan səması bir daha o tarixi səsi xatırlayır:

“Şuşa azaddır! Qarabağ Azərbaycandır!”

Bu səs artıq təkcə Qarabağda deyil, hər bir azərbaycanlının qəlbində yaşayan əbədi bir Zəfər nəğməsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər