""Xarıbülbül" festivalı Azərbaycanın yüksək mədəniyyətini və tolerantlığını dünyaya nümayiş etdirir" - Günay Ağamalı
“Mayın 14-də qədim və əzəli mədəniyyət beşiyimiz olan Şuşa şəhərində, füsunkar Cıdır düzündə keçirilən IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın milli ruhunun, mədəni yaddaşının və mənəvi gücünün təntənəsidir. Şuşa Azərbaycan xalqının musiqi, poeziya və sənət ruhunu yaşadan müqəddəs şəhərdir. Bu baxımdan festivalın məhz Şuşada keçirilməsi rəmzi məna daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Şuşada baş tutan IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a danışarkən səsləndirib.
Millət vəkili vurğulayıb ki, “Xarıbülbül” festivalı dünyaya Azərbaycanın qalib dövlət və yüksək mədəniyyətə, tolerantlığa, zəngin mənəvi irsə sahib ölkə olduğunu nümayiş etdirir:
“Festival müxtəlif xalqları və mədəniyyətləri bir araya gətirməklə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edir, sənət adamları arasında yaradıcılıq təcrübəsinin mübadiləsinə şərait yaradır və gənc musiqiçilərin inkişafına dəstək göstərir.
İşğaldan azad olunmuş torpaqlarımızda həyatın bütün sahələri bərpa olunur, Şuşa mədəni tədbirlərə və beynəlxalq festivallara ev sahibliyi edir. Şuşada yenidən musiqinin səslənməsi, beynəlxalq festivalların təşkili xalqımızın tarixi ədalətə qovuşmasının göstəricilərindəndir”.

G.Ağamalı əlavə edib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın milli-mədəni irsimizin qorunmasına, Qarabağın mədəni həyatının bərpasına və Şuşanın yenidən Qafqazın mədəniyyət mərkəzinə çevrilməsinə göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Şuşada IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir:
“Dövlət başçısımızın rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, mədəni tədbirlərin təşkili Azərbaycanın gücünü və milli kimliyini nümayiş etdirən mühüm amillərdəndir.
Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bu cür layihələr milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Festival Azərbaycanın multikultural dəyərlərinin və musiqi ənənələrinin beynəlxalq müstəvidə tanıdılmasına da böyük töhfə verir”.
Ləman Sərraf






