media-inshot_20251205_163638707

Son vaxtlar münasibətlərdə xəyanət məsələsi geniş müzakirə mövzusuna çevrilib. İnsanlar bu vəziyyətlə qarşılaşanda həm emosional, həm də psixoloji çətinliklərlə üzləşirlər.

Bəs, xəyanətdən qorunmaq ümumiyyətlə mümkündürmü və xəyanətdən sonra münasibətin yenidən bərpası psixoloji baxımdan hansı şərtlərlə mümkün ola bilər?

Klinik psixoloq, CBT terapevti, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Fuad Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, xəyanət edən insan bunu əsasən özündə olan xüsusiyyətlər və genetik, hormonal, sosial faktorlarla bağlı etdiyi üçün, tam qorunmaq mümkün deyil:

“Birincisi, məsələyə belə baxmaq lazımdır: xəyanət edən insan bunu özündə olan hansısa xüsusiyyətlərdən dolayı edir. Maraqlıdır ki, burada genetik faktorlar da rol oynayır. Məsələn, bəzi genlər var, məsələn RS3 geni; bu genin müəyyən kopyalarına sahib olan insanlar daha çox xəyanət edə bilirlər. Həmçinin, xəyanət etmək vasopressin hormonunun miqdarı ilə də bağlıdır. Bundan əlavə, təbii ki, sosial və psixoloji faktorlar da var. Xəyanət edən insan bəzən özünü təsdiqləmək üçün, ya da müəyyən yaşdan sonra özünü cavan hiss etmək üçün belə davranır. Dolayısı ilə, xəyanət edən insan bunu özündə olan xüsusiyyətlərə görə etdiyindən, xəyanətdən qorunmaq deyə bir şey yoxdur. Çünki xəyanət sizin elədiyiniz hansısa hərəkətə görə olmur, xəyanət edən insanın xüsusiyyətlərinə görə baş verir. Təbii ki, partnyor seçərkən düşünürük ki, o xəyanət etməyəcək, sadiq olmaq potensialı olan bir insan olsun, amma bəzən yanıla bilərik”.

media-img-20251205-wa0019

Psixoloq vurğulayıb ki, xəyanət, əsasən xəyanət edən insanın xüsusiyyətləri ilə bağlıdır, buna görə də özünüzü dəyərsiz hiss etmək mənasızdır və münasibətləri diqqətlə qorumaq mümkündür:

“Xəyanətdən müəyyən dərəcədə qorunmaq mümkündür ki, bu da münasibətlərin artıq dözülməz hala gəlməsinin qarşısını almaqdan keçir. Biz münasibətlərdə diqqətli olmalıyıq ki, münasibət toksik və tamamilə romantikliyini itirmiş bir vəziyyətə çevrilməsin. Zaman keçsə belə, arada romantiklik və enerji qalması üçün diqqət göstərmək mümkündür.Xəyanətdən sonra insanlarda, xəyanətə uğrayanlarda belə bir düşüncə yaranır: “Mən dəyərsizəm, mən o qədər yaxşı deyiləm, deməli o mənə xəyanət edib.” Amma unutmaq lazım deyil ki, bu, həmin insanın xüsusiyyətləri ilə bağlıdır. Məsələn, bir zarafat var: Şakiraya da xəyanət olunub, halbuki bir çox insanlar düşünür ki, o dünyadakı ən gözəl qadınlardan biridir. Dolayısı ilə, xəyanət sizin nə qədər gözəl və ya yaxşı olmağınızla bağlı deyil. Xəyanət edən insan edəcək və özünüzü buna görə dəyərsiz hiss etmək mənasızdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər