Xırdalanın tıxac problemi: Avtobus sürücüləri yol zolağını bloklayır - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında hərəkətin intensiv olduğu yolda mütəmadi olaraq ağır tıxaclar müşahidə olunur.
Patrul.az-ın məlumatına görə, bu sıxlığın əsas səbəbi 535 nömrəli sərnişin avtobuslarının sürücülərinin qayda pozuntularıdır.
Bildirilir ki, sözügedən marşrut xətti üzrə hərəkət edən sürücülər istirahət etmək məqsədilə nəqliyyat vasitələrini yolun hərəkət hissəsində qanunsuz olaraq saxlayırlar.
Redaksiyaya daxil olan videogörüntülərdən aydın olur ki, iki hissəli yolun sağ tərəfində eyni anda iki iri tutumlu avtobusun saxlanılması yolun bir zolağını tamamilə bloklayır.
Nəticədə, həm Xırdalanın daxilinə, həm də şəhər mərkəzi istiqamətinə hərəkət edən sürücülər süni şəkildə yaradılmış daralmaya görə dəqiqələrlə vaxt itirməli olurlar.
Sakinlər və sürücülər aidiyyəti qurumlardan bu özbaşınalığa qarşı ciddi tədbir görmələrini xahiş edirlər.
Gülbəniz Səfərova






