media-inshot_20260331_163920747

Son günlər müşahidə olunan leysan xarakterli yağışlar təkcə şəhər infrastrukturuna deyil, sürücülərin gündəlik həyatına da ciddi təsir göstərir. Güclü yağıntılar zamanı yollarda yaranan su yığılması avtomobillərin texniki problemlərlə üzləşməsinə, hətta bəzi hallarda dövlət qeydiyyat nişanlarının (nömrələrin) yerindən qoparaq itməsi ilə nəticələnir. Belə vəziyyətlərdə sürücülər çətin dilemma qarşısında qalır: tapılmayan nömrənin bərpası mümkündürmü və qanunvericilik bu halda hansı yolu nəzərdə tutur?

Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə,leysan və ya digər səbəblərlə dövlət qeydiyyat nişanı itdikdə sürücü polisə müraciət edir, lakin həmin nömrənin eyni seriya və nömrə ilə bərpası qanunvericiliyə görə mümkün deyil:

“Leysan yağışları və ya digər səbəblər nəticəsində avtomobilin dövlət qeydiyyat nişanı itərsə, sürücü dərhal müvafiq polis bölməsinə müraciət etməlidir. Bu barədə yazılı ərizə təqdim olunur və nömrənin itməsi faktı qeydiyyata alınır.

Qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanının eyni seriya və nömrə ilə dublikatı verilmir. Yəni həmin nömrənin eyni formada bərpası mümkün deyil”.

media-img-20260331-wa0041

Vəkil qeyd edir ki, qanuna əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda yeni nişan üçün müvafiq quruma müraciət edilir, tapıldıqda isə ilk olaraq əvvəlki sahibinə təklif olunur:

“Həmçinin bildirmək istəyirəm ki , “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 29-cu maddəsinə əsasən dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər