Yararsız hala düşən əskinasların aqibəti necə olur? - HÜQUQİ İZAH
“Uşaq 5 dəqiqə gözümüzü oğurlayıb pulu qayçı ilə kəsib. Bunu nə edə bilərəm? Hər hansısa Bank dəyişər?”
Bakıda yaşayan bir vətəndaşın bu müraciəti diqqət çəkib. O bildirib ki, azyaşlı övladı bir anlıq diqqətsizlikdən istifadə edərək evdə olan pul əskinasını qayçı ilə kəsib. Nəticədə yararsız hala düşən əskinasın dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı sual yaranıb.
Bəs, bununla bağlı qanunlarımız nə deyir?
Patrul.az mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.
O bildirib ki, Mərkəzi Bankın qaydalarına əsasən, milli pul nişanları dəyişdirilməsi üçün kommersiya banklarına və ya Azərbaycan Mərkəzi Bankına təqdim edilə bilər:
“Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlayan kağız pul nişanlarının, eyni zamanda saxta olmayan səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya məruz qalmış metal pul nişanlarının nominal dəyəri ödənilir.
Milli pul nişanlarının dəyişdirilməsi Mərkəzi Bankda ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Bunun üçün banka əlavə ödəniş edilmir”.

Müsahibimiz kommersiya banklarında isə qaydaların fərqli olduğunu vurğulayıb:
“Belə ki, kommersiya bankı pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz olaraq həyata keçirə bilərlər.
vətəndaşlar zədələnmiş pulları kommersiya banklarında dəyişə bilərlər: “Lakin kommersiya bankları həmişə vəsaitləri dəyişməyə də bilər. Çünki kommersiya bankının zədələnmiş vəsaiti dəyişmək kimi bir vəzifəsi yoxdur. Mərkəzi Bankın isə belə bir vəzifəsi var və bu zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Vətəndaş banka yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən pulunu dəyişə bilər”.
Ləman Sərraf






