Yasamalda dayandırılan qazıntı işləri yenidən başladı - Sakinlər təhlükədən danışır - VİDEO
Yasamal rayonu, Akademik Landau küçəsi 6, blok 2-nin yanında bir müddət əvvəl binanın zirzəmisinə əlavə giriş açmaq məqsədilə aparılan qanunsuz qazıntı işləri ilə bağlı mediada şikayətlər yayımlanmışdı. Həmin məlumatlardan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin və sahə üzrə polis əməkdaşları cəlb edilərək müdaxilələr araşdırılmış və görülən işlərin qarşısı alınmışdı.
Lakin redaksiyamıza göndərilən yeni videogörüntülər göstərir ki, bir neçə aylıq sakitlikdən sonra eyni ünvanda qazıntı işləri yenidən davam etdirilir. Sakinlərin iddiasına görə, bu dəfə proses daha gizli şəkildə aparılır və binanın konstruktiv təhlükəsizliyinə real risk yaradır.
Sakinlər bildirirlər ki, zirzəmi divarlarının sökülməsi və yeni keçidlərin açılması binanın daşıyıcı sisteminə ziyan vurur, çökmə və çatların yaranma ehtimalını artırır. Onların sözlərinə görə, əvvəlki araşdırmadan sonra aidiyyəti qurumlar işləri tam dayandırsa da, indi heç bir rəsmi icazə təqdim edilmədən fəaliyyətin bərpa olunması narazılığa səbəb olub.
Patrul.az-a təqdim olunan videogörüntülərdə ərazidə yenidən torpaq qazıntısı aparıldığı, divar hissələrinin kəsildiyi və müdaxilənin zirzəmi istiqamətində davam etdiyi açıq şəkildə görünür.






