Yasamalda mərkəzi yolda saxlanılan yük maşını tıxaca səbəb olur - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan video-görüntüdə Bakının Yasamal rayonunda, Məhəmməd Xiyabani küçəsində mərkəzi yolun üzərində saxlanılan 10 ZR 329 dövlət qeydiyyat nişanlı yük maşınının digər avtomobillərin hərəkətinə maneə yaratdığı görünür. Bildirilir ki, həmin yük maşını uzun müddətdir eyni ərazidə saxlanılır və bu da yolda tez-tez tıxacın yaranmasına səbəb olur.
Nəzərə alsaq ki, yolun üzərində, yük maşınından təxminən 5-10 metr aralıda piyada keçidi yerləşir, vəziyyət daha da çətinləşir. Piyadaların keçiddən istifadə etməsi zamanı avtomobillər onsuz da sürəti azaltmalı olur. Yolun üzərində iri yük maşınının dayanması isə nəqliyyatın hərəkətini əlavə olaraq ləngidir və sürücülər üçün əlavə çətinlik yaradır.
Belə olan halda sual yaranır: görəsən, bu yük maşınının sürücüsündəki rahatlıq haradandır? Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə münasibət bildirəcək və yaranmış problem aradan qaldırılacaq.






