Yay aylarında necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS DANIŞDI
“Hər fəslin özünə uyğun qidalanma tərzi var. Yay aylarında havaların isti olması həm orqanizmin ehtiyaclarını dəyişir, həm də qida məhsullarının tez xarab olmasına səbəb olur. Buna görə də düzgün və ehtiyatlı qidalanma çox vacibdir”.
Bu sözləri Patrulaz.az-a yay aylarında düzgün qidalanmaq haqqında danışan sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.
O xatırladıb ki, istinin təsiri ilə orqanizmimiz çoxlu maye itirir:
“Bu səbəbdən gün ərzində hər kq çəkimizə uyğun 0.3 ml su içmək vacibdir. Su orqanizmimizi təmizləyir, susuzluqdan qoruyur və enerjimizi saxlayır.
Yayda ağır, yağlı yeməklər orqanizmi yorur həzm sistemi üçün çətinlik yaradır və tənbəlləşdirir. Alternativ olaraq daha çox tərəvəz, meyvə, qatıq, az yağlı ət və balıq məhsulları yemək düzgün seçim olar.
Süd, pendir, qatıq, ət, toyuq kimi tez xarab olan məhsullar yayda daha tez mikroorqanizmlərlə çirklənir. Bu məhsulları soyuducuda saxlamadan istifadə etmək zəhərlənməyə səbəb ola bilər. Həmçinin açıq havada satılan, gün altında qalan fast-food və ya süd məhsullarından uzaq durmaq sağlamlıq üçün ən yaxşı seçimdir”.
Mütəxəssis qeyd edib ki, yaxşı yuyulmamış meyvə və tərəvəz, çiy ət, balıq məhsulları bakteriya mənbəyidir:
“İstifadə etməzdən əvvəl yaxşıca yumaq və mümkün olduqca bişmiş şəkildə yemək lazımdır. Çünki yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır. Xüsusilə salmonella, e.coli kimi mikroorqanizmlər isti havada daha sürətlə çoxalır. Əgər yemək düzgün saxlanmazsa, təmiz şəraitdə hazırlanmazsa, bakteriyalar qidaya keçir və insanı zəhərləyir. Həmçinin pikniklərdə, dəniz kənarında və açıq havada yeyilən yeməklərin gigiyenası çox vaxt nəzarətsiz qalır”.
Ləman Sərraf