Yeniyetməlik dövründə uşaqların istər maraq dairəsi, istərsə də sosial çevrəsi dəyişir. Bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Yeniyetmələrlə bağlı istər ailə daxili ünsiyyətin qurulması, istərsə də cəmiyyətlə münasibətinin tənzimlənməsi bir növ gələcəyə edilən yatırımdır və sağlam mühitin yaradılmasıdır. Hər bir valideyn istəyir ki, övladı sağlam, savadlı, cəmiyyət tərəfindən qəbul edilən və s. olsun”.

 

Bu sözləri Patrulaz.az-a açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, yeniyetməlik çağlarında uşaqlarda, xüsusən daxili aqressiya, əsəbilik və aqressiv davranışlar tez-tez müşahidə edilir: “Yeniyetmələrdə aqressiv halların yaranma səbəblərindən biri də məhz böyüydüyü mühit və ailədir. Təəssüf ki, bəzən ailələr bunu qəbul etməkdə çətinlik çəkir. Bu problemlərə zamanında müdaxilə edilmədikdə daha da dərinləşir və insanın şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. Valideynlər də bu zaman narahat olur psixoloqlara belə suallar ünvanlayırlar: “Övladım yeniyetməlik dönəmindədir və çox aqressivləşib, əvvəllər belə deyildi. Bu problemi necə aradan qaldıra bilərik?

Ümumiyyətlə, yeniyetməlik dönəmi əsas 3 xüsusiyyətlə özünü göstərir:

1) Tənhalıq hissi

2) Öz yaşıdları ilə münasibətdə olmaq arzusu

3) Sosial status qazanmaq arzusu

Bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır. Onların aqressiv hərəkətlərinə şiddətlə və aqressiya ilə cavab vermək doğru yanaşma üsulu deyil. Bu onları daha da aqressivləşdirə və mövcud problemi dərinləşdirə bilir. Belə ki, 14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Yeniyetmə böhran dövründən uğurla çıxırsa, onda yeni düşüncələr, həyata pozitiv baxış formalaşır. Yeniyetmələrdə “böhran dönəmidavranışında, yaşıdları ilə münasibətində, təhsilində müəyyən problemlərə gətirib çıxara, hətta yeniyetmədə ünsiyyətdən qaçma hallarının, pessimistliyin baş verməsinə səbəb ola bilər. Məsələn: əvvəllər yaşıdları ilə vaxt keçirməyi sevən, parkda oynayan uşaqlar bu dönəmdə davamlı evə qapanır, öz otaqlarından çıxmaq istəmirlər. Başqa sözlə desək və hüquqi tərəfdən yanaşsaq bu yaş dönəmi həm də, kritik yaş dövrü hesab olunur. Belə ki, cinayət hadisələri, özündən zəiflərə şiddət, özünəqəsd halları bu dönəmdə daha çox olur.

Qeyd etmək lazımdır ki, bu dönəmlərdə onlar çevrəsinə, ailəsinə qarşı etiraz etmək, qarşı çıxmaq, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə bilirlər. Xüsusən bildirmək lazımdır ki, 14-16 yaş arası bu problemlər demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Bəzən valideynlər bu mövzularda yanlış düşünərək “Yeniyetməliyi bitsin düzələcək” və ya “Ali məktəbə qəbul olsun düzələcək” və s.kimi fikirlər söyləyə bilirlər. Nəticədə valideyn-övlad münasibətləri mənfiyə doğru gedir. Əgər uşaq yeniyetməlik dönəmində çox aqressiv, əsəbidirsə o zaman valideynlər onu ya çox sıxıb, avtoritar olub, ya da, çox yumuşaq davranıb. Qaydalar və onun bərabərində qadağalar çox qoyulan ailələrdə böyüyən uşaqlarda aqressiya daha çox müşahidə edilir. Qeyd etdiyimiz kimi, belə dönəmlərdə valideynlər digər vaxtlara nəzərən övladlarına anlayış göstərməyi və səbirli davranmağı bacarmalıdırlar. Qaydaların bir az yumuşaldılması uşaqlarda da aqressiyaların azalmasına gətirib çıxara bilər. Əks halda uşaqlar ətrafındakılara və özlərindən fikizin cəhətdən zəif həmyaşıdlarına, hətta özlərinə də xətər yetirə bilirlər.

Bu məsələlərdə valideyn-məktəb-psixoloq münasibətinin qurulması vacibdir. Böhran dönəmini çətin keçiriən, aqressiv, gərgin olan, məktəbdə davamlı davalar çıxaran, müəllimləri, sinif yoldaşları ilə düzgün münasibət qura bilməyən yeniyetmələr zamanında məktəb psixoloquna yönləndirilməli və onunla psixoloji iş aparılmalıdır.”

Səbinə Hüseynli


Bənzər xəbərlər