“Yox” demək niyə çətindir? Psixoloq izah edir
Bəzi insanlar gündəlik həyatlarında “yox” deməkdə çətinlik çəkir. Bu, onların şəxsi sərhədlərini qorumaqda və qərar verməkdə çətinlik yaşamalarına səbəb olur. Bəs insanların “yox” deməkdə çətinlik çəkməsinin əsas səbəbləri nələrdir?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, “yox” deməkdə çətinlik başqalarını məyus etmə qorxusu və uşaqlıqdan gələn tərbiyə mesajları ilə bağlıdır:
“İnsanların bəzi situasiyalarda “yox” deməkdə çətinlik çəkməsi həm emosional, həm sosial, həm də şəxsi inkişafla bağlı amillərin təsiri altında formalaşır. Əvvəla, insan sosial varlıqdır və başqaları tərəfindən qəbul olunmaq ehtiyacı davranışlarımızın mühüm hissəsini təşkil edir. Bir çox hallarda “yox” demək bizdə sanki qarşı tərəfi məyus edəcəyimiz, münasibətdə gərginlik yaradacağımız və ya xoş olmayan bir reaksiya alacağımız qorxusunu yaradır. Bu səbəbdən insanlar daha çox uyğunlaşma davranışını seçir və öz sərhədlərini qorumaqdansa, başqasının rahatlığını ön plana çıxarırlar.
Digər tərəfdən, uşaqlıqdan formalaşmış tərbiyə modelləri də burada ciddi rol oynayır. “Ayıb olar”, “hamıya kömək etmək lazımdır”, “qəbul olunmaq üçün razılaşmaq gərəkdir” kimi mesajlarla böyüyən insanlar zamanla “yox” deməyin əslində təbii bir sərhəd qoyma forması olduğunu dərk etməkdə çətinlik çəkirlər. Nəticədə daxili günahkarlıq hissi yaranır və insan başqasının istəyini rədd etsə belə, bunun məsuliyyətini öz üzərinə götürürmüş kimi davranır”.
Psixoloqun sözlərinə görə, “yox” demək sağlam sərhədləri qorumaq və daxili balansı saxlamaq üçün vacibdir:
“Bəzi hallarda “yox” deməkdən çəkinmək münasibətin pozulması qorxusu ilə də bağlı olur. İnsan düşünür ki, bu dəfə razılaşmasam, qarşı tərəf məndən incəyəcək, mənə qarşı münasibət dəyişəcək və ya əməkdaşlıq zəifləyəcək. Bu isə insanı öz resurslarını aşaraq yüklənməyə, emosional və zaman baxımından tükənməyə aparır.
Əslində isə “yox” demək münasibətə zərər vermək deyil, sağlam sərhədlərin qorunmasıdır. Sağlam sərhədlərə sahib olan insanlar anlayırlar ki, “yox” sözü qarşı tərəfə hörmətsizlik deyil, öz daxili balansını, enerjisini və imkanlarını düzgün idarə etməkdir. Bu bacarıq inkişaf etdikcə insan həm daha az emosional gərginlik yaşayır, həm də münasibətlər daha dürüst və şəffaf formaya keçir.
“Yox” demək çətinliyi zəiflik deyil, sadəcə öyrənilmiş və zamanla vərdişə çevrilmiş bir davranış modelidir. İnsan öz ehtiyaclarını daha yaxşı tanıdıqda, özünə hörməti gücləndirdikcə və sərhəd qoymağın təbii bir hüquq olduğunu dərk etdikcə bu çətinlik azalır”.
Cəmilə Cəfərzadə






