media-photo-output

Son günlər bir çox insanlar yuxusuzluqdan şikayət edir, gecə tez-tez oyandıqlarını və kifayət qədər yata bilmədiklərini bildirirlər. Bu hal onların gündəlik fəaliyyətinə və əqli vəziyyətinə ciddi təsir göstərir.

Bəs uzunmüddətli yuxusuzluq orqanizmdə hansı fəsadlara səbəb ola bilər və bunun əsas tibbi səbəbləri necə müəyyən edilə bilər?

Bu barədə terapevt Etibar Süleymanov Patrul.az-a açıqlamasında bildirib ki, yuxusuzluq orqanizmin bərpasını əngəlləyir və ciddi sağlamlıq problemlərinə yol açır:

“Yuxu, gün ərzində yorulan hüceyrələrin dincəlməsi və bərpası üçün vacib fizioloji prosesdir. Yuxu dərin və kifayət qədər olmalı, sutkada ən azı 6–8 saat təşkil etməlidir ki, orqanizm özünü bərpa edib normal funksiyalarını davam etdirə bilsin. Yuxusuzluq ciddi patologiyalara səbəb ola bilər. Bu, psixi pozuntular, immun sisteminin zəifləməsi, xəstəliklərə daha tez yoluxma və davamlı yuxusuzluğa gətirib çıxara bilər. Uzun müddət davam edən yuxusuzluq hətta beyin ölümü ilə nəticələnə bilər. Təcrübələr göstərir ki, bir neçə sutka yatmağa imkan verilməyən şəxslərdə həyati təhlükə yaranır.”

Həkim bildirib ki, yuxusuzluqdan əziyyət çəkən şəxslər mütləq səbəbi araşdırmalı və müalicə ilə yanaşı, həyat tərzində də dəyişikliklər etməlidirlər:

“Bu zaman müxtəlif xroniki xəstəliklər kəskinləşə, piylənmə və sinir sistemi pozuntuları meydana çıxa bilər. İnsan gün ərzində özünü yorğun və halsız hiss edir. Yaxşı yatmaq üçün gün ərzində piyada gəzmək, təmiz havada olmaq, fiziki aktivlik göstərmək və hər gün eyni saatda yatmaq vacibdir. Yataq rahat olmalı, otaqda qıcıqlandırıcı işıq, televizor və səs-küy olmamalıdır. Əgər yuxusuzluq davam edirsə, mütləq həkimə müraciət edilməli, səbəb araşdırılmalı və lazım gəldikdə dərman preparatlarından, eləcə də fiziki və psixoloji üsullardan istifadə olunmalıdır.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər