Yuxusuzsan? Soyuducunu aç! - Yuxusuzluğun təbii dərmanı tapıldı
Yuxusuzluqdan əziyyət çəkənlər üçün sadə və təsirli həll yolu tapılıb.
Patrulaz.az xəbər verir ki, Kolumbiya və Çikaqo Universitetinin alimləri tərəfindən aparılan və “Sleep Health” jurnalında dərc edilən araşdırmada məlum olub ki, insanlar gündəlik qidalanmalarına meyvə və tərəvəz əlavə etsə, gecə yuxuları normallaşar.
Araşdırmaya görə, bir gün ərzində beş stəkan meyvə və tərəvəz yeyən şəxslərdə yuxunun keyfiyyəti 16-% artırır.
Tədqiqata əsasən, 34 nəfər sağlam gənclərin 201 gün ərzində həm qida rasionu, həm də yuxu rejimi xüsusi cihazlar və tətbiqlərlə izlənilib. Daha sonra meyvənin verdiyi təsirlər onlarda dərhal müşahidə olunub. Yəni iştirakçılar hansı gün daha çox meyvə-tərəvəz yeyiblərsə, həmin gecə daha dərin və fasiləsiz yatıblar.
Araşdıranlardan Kolumbiya Universitetindən Marie-Pierre St-Onge isə bu nəticəni belə şərh edib:
“İnsanlar tez-tez soruşurlar ki, yaxşı yatmaq üçün nə yemək lazımdır. Bu tədqiqat sübut edir ki, kiçik dəyişikliklər belə yuxuya ciddi təsir göstərə bilər”.
Qeyd edək ki, alimlərin ehtimalına görə, meyvə və tərəvəzlərdə olan karbohidratlar beynin “triptofan” adlı amin turşusunu mənimsəməsinə yardım edir. Bu da “melatonin” yuxu hormonu istehsalını gücləndirir.
Gülbəniz Səfərova






