media-retouch_2025062316212148

Dünyada elə nəhəng və qeyri-adi tikililər var ki, insan onlara baxdıqca sadəcə daş və dəmir deyil, zəka, inam və zamanla yarışan iradə görür. Bu möhtəşəm memarlıq nümunələri qarşısında dayananda bir sual  ağla gəlir: “İnsan əli ilə bu qədər mükəmməllik necə mümkün olub?”… Əsrlərin arxasında gizlənən bu tikililər təkcə fiziki quruluş deyil, həm də tarixin, mədəniyyətin və insan ruhunun daşlaşmış ifadəsidir. Onlar zamana meydan oxuyub, fəlakətləri, müharibələri, təbiət hadisələrini geridə qoyaraq bu günə qədər gəlib çatıb. Bugünkü dünya da memarlıq baxımından zəngindir. Lakin müasir dövrümüzdə də varlığı ilə insanlığı valeh edən və bu günə qədər ayda minlərlə ziyarətçi cəlb edən xüsusi yeddi memarlıq möcüzəsi var.  Onlara baxdıqda zaman dayanır, düşüncə isə geriyə onları tikən insanların dövrünə səyahət edir.

Patrulaz.az-ın araşdırmasına əsasən, UNESCO-nun da Ümumdünya İrsi siyahısına daxil olan dünyanın 7 möcüzəvi tikilisinə Çin səddi; Kolizey Amfiteatr; Taç Mahal; Misir piramidaları; Machu-Picchu şəhəri; Köln Dam Kafedralı və Bürc Xəlifə daxildir.

Çin Səddi – Əbədiyyətə uzanan divar

media-2023_04_221693908966

Bu möcüzələrin birincisi isə demək olar ki, hər kəsin tanıdığı Çin Səddidir. Minlərlə kilometr uzanan bu əzəmətli divar əsrlər boyunca müdafiə məqsədilə inşa edilib və bu gün də həm tarixi əhəmiyyəti, həm də möhtəşəm görünüşü ilə bütün dünyanın diqqətini üzərində saxlayır. Çin Səddi insan əli ilə inşa olunmuş ən uzun müdafiə tikililərindən biri sayılır. Bu tikilinin əsas məqsədi qədim Çin imperiyasını şimaldan təhdid edən köçəri hun tayfalarının hücumlarından qorumaq olub.

Çin səddinin ümumi uzunluğu 21.196 kilometrdir. Bu rəqəm təkcə ölçünü deyil, həm də tarixin gücünü ifadə edir. Çin dilində səddin adı “on min il uzunluğunda divar” mənasını verir ki, bu da onun simvolik əzəmətini daha da artırır.

Bu səddinin əsas hissəsi Min sülaləsinin hakimiyyəti dövründə inşa olunub. Müxtəlif dövrlərdə bərpa və yenidənqurma işləri aparılsa da, onun orijinal strukturu qorunaraq bu günə qədər gəlib çatıb.

Bu unikal memarlıq abidəsi 1987-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və beləliklə, bəşəriyyətin ortaq mədəni sərvəti kimi tanınıb. Əsrlər keçməsinə baxmayaraq, səddin əzəməti hələ də görənləri heyrətləndirir. Bir çoxları hətta bildirir ki, bu divar öz uzunluğu və böyüklüyü ilə kosmosdan belə görünür. Bu fikir elmi baxımdan dəqiq olmasa da, onun simvolik böyüklüyünü təsvir etmək üçün çox geniş yayılıb. Çin Səddi təkcə daşlardan ibarət divar deyil, insan iradəsinin, səbrinin və tarixi yaddaşın daşlaşmış heykəlidir.

Kolizey Amfiteatrı – Qladiatorların qanlı səhnəsi

media-koloseum_1080368

Roma memarlığının zirvəsi sayılan Kolizey şəhərin mərkəzində yerləşən, silindrik formada inşa edilmiş qədim amfiteatrdır. “Kolizey” sözü latın dilində “nəhəng” mənasını verir ki, bu da onun miqyası və tarixi əhəmiyyətini simvolizə edir. Kolizeyin tikintisinə imperator Vespasionun əmri ilə eramızın 72-ci ilində başlanılıb. Bunun üçün əvvəlcə həmin ərazidə yerləşən göl qurudulmuşdur. Bu möhtəşəm tikili qədim dövrlərdə qladiator döyüşləri, vəhşi heyvan ovları, edamlar və səhnələşdirilmiş döyüşlər üçün istifadə olunub. O dövrdə 80 minə yaxın tamaşaçı burada toplaşaraq qladiatorların döyüşlərini maraqla izləyirdi. İşin maraqlı tərəfi odur ki, tikintidə yəhudilərin də əməyindən istifadə olunub. Belə ki, imperator Vespasionun eramızın 70-ci ildə Qüds üzərində qazandığı qələbədən sonra əsir götürülən yəhudilərin əməyindən Kolizeyin inşasında geniş istifadə olunub. Tikinti işləri Vespasionun oğlu imperator Titin hakimiyyəti dövründə, yəni eramızın 80-ci ilində tamamlanıb.

Kolizey təkcə döyüşlər üçün bir mərkəz deyil, həm də mühəndislik və təşkilatçılıq baxımından dövrünü qabaqlayan bir quruluş idi. 80-dən çox giriş qapısı olan amfiteatrın tamaşaçılar üçün “Zəfər qapıları”, döyüşdə həlak olanlar üçün isə “Libitina”, yəni ölüm qapısı adlandırılan çıxış yolu mövcud idi.

Ən maraqlı faktlardan biri də budur ki, tarixdə ilk dəfə lift sistemi burada icad edilmiş və bu sistemdən vəhşi heyvanların arenaya buraxılması üçün istifadə olunmuşdur. Bəzən qladiatorlarla yanaşı, məhbuslar da heyvanlarla döyüşdürülərək ölümə göndərilirdi. Roma xalqı bu döyüşləri böyük maraqla izləyir, onu bir əyləncə və şərəf simvolu kimi qəbul edirdi. Bu gün Kolizey öz möhtəşəm görünüşünü qorumaqda davam edir və hər il milyonlarla turistin ziyarət etdiyi tarixi bir abidəyə çevrilib. 1980-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən Kolizey, sadəcə bir tikili deyil, Roma mədəniyyətinin, gücünün və mirasının yaşayan simvoludur.

Taç Mahal – Məhəbbətin daşa həkk olunmuş forması…

media-agra-tac-mahal

Dünyanın üçüncü ən böyük insan əli ilə yaradılmış möcüzəsi Hindistanın Agra şəhərində yerləşən Taç Mahal yalnız möhtəşəm memarlıq nümunəsi deyil, həm də əbədiyyətə çevrilmiş böyük bir sevgi hekayəsidir. Belə ki, 17-ci əsrdə Böyük Moğol İmperatoru Şah Cahan, həyat yoldaşı Mümtaz Mahalın vəfatından sonra onun xatirəsinə bu bənzərsiz abidəni inşa etdirmişdir. Mümtaz Mahal Şah Cahanın 14-cü övladını dünyaya gətirərkən, cəmi 38 yaşında vəfat etmişdi. Bu ağır itki imperatorun ürəyində dərin iz buraxmış və o, sevimli həyat yoldaşına olan sonsuz sevgisini Taç Mahal adlı möhtəşəm əsərdə əbədiləşdirmişdir. Əfsanəyə görə, Mümtaz Mahalın son sözləri Şah Cahana belə olmuşdu: “Eşqimizi dünyaya yayan bir məzar düzəlt”.. və  o, məhz bu istəyin şərəfinə, sevginin və vəfalığın simvolu olaraq, bənzərsiz bir memarlıq şah əsəri yaratdı.

Taç Mahal təkcə bir məzar deyil, o, sevginin əbədi rəmzi, ürəkləri birləşdirən gücün canlanmasıdır. Bu möcüzənin tikintisində 20.000-dən çox işçi və 1.000 fil iştirak edib. Belə unikal və dərin mənalı abidələr göstərir ki, bəzi tikililər yalnız daş və mərmərdən deyil, insan qəlbinin ən saf duyğularından, eşqindən və xatirələrindən yaradılır.

Misir Piramidaları – Qumların içində sükutla dayanan dahilik

media-misir-piramidalari

Sivilizasiyanın və qədim Misir mədəniyyətinin ən ali simvollarından biri Misir piramidalarıdır. Bu monumental tikililər Qahirə yaxınlığındakı Giza səhrasında, qumların içində minilliklərdir ki, sükutla dayanaraq həm tarixə, həm də insani iradəyə şahidlik edir.

Giza piramidaları üç əsas tikilidən ibarətdir. Onların ilki və ən böyüyü, eyni zamanda dünya memarlıq tarixinin möcüzəsi sayılan Xufu (Xeops) piramidasıdır. Bu piramida eramızdan əvvəl 2550–2490-cı illər arasında inşa edilib. Hündürlüyü bir vaxtlar 146 metr olan bu möhtəşəm quruluş, minillərlə əvvəl 100 minə yaxın insanın 20 ildən artıq birgə zəhməti ilə ərsəyə gəlib. Deyilənə görə, Firon Xufu bu piramidanın tikintisini mühəndislərə tapşırarkən “ömrüm bitmədən tamamlayın” deyə əmr verib və piramida onun yaşadığı dövrdə tamamlanaraq tarixə düşüb.

İkinci böyük piramida isə Xufu fironunun oğlu Xafra tərəfindən tikilmişdir. Onun hündürlüyü 136 metrdir və bu tikili atası qədər olmasa da, möhtəşəmliyi ilə seçilir. Bu piramidaya bitişik olan Böyük Sfinks heykəli – şir bədənli, insan başlı əzəmətli abidə qədim Misirin simvoluna çevrilmişdir.

Üçüncü və ən kiçik piramida isə Menkavre tərəfindən inşa olunmuşdur. Hündürlüyü 65 metr olan bu piramida sanki iki nəhəng piramidanın yanında sadəliyin içindəki zərifliyi təcəssüm etdirir. Misir piramidaları yalnız böyük daşlardan ibarət tikililər deyil, insan əzmi, iradəsi və inanılmaz təşkilatçılıq ilə ərsəyə gəldiyi tarixi sənət əsəridir. Milyonlarla daş blokun bir-birinə bu qədər səliqə ilə uyğunlaşdırılması və onların onlarla metr hündürlüyə daşınması o dövrün texnologiyası üçün izaholunmaz bir uğur sayılır. Bu daşlardan bəziləri müasir maşın qədər ağırlığa malikdir. Alimlərin fikrincə, bu ağırlıqlar alçaq rampalar vasitəsilə yuxarı daşınıb, yonma alətləri ilə ölçülərək bir-birinə tam uyğunlaşdırılıb və Nil çayının axını ilə daşınaraq tikinti yerinə gətirilib. Tikintidə iç tərəfə kobud bloklar, xarici səthə isə cilalanmış, zərif daşlar düzülüb. Bu da onların min illər sonra belə səliqəli və təsiredici görünüşünü təmin edib.

1979-cu ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Giza piramidaları qədim dünyanın yeddi möcüzəsindən bu günə qədər salamat qalan yeganə memarlıq möcüzəsidir. Bu piramidalar təkcə fironların dəfn yeri deyil, bəşər övladının iradəsi, mühəndisliyi və inanılmaz gücünün daşlaşmış ifadəsidir. Onlara baxarkən zaman dayanır, nəfəs kəsilir və insan sadəcə düşünür: “Necə oldu ki, bu qədər böyük və dəqiq bir əsər insan əli ilə, min illər əvvəl ərsəyə gəldi?”

Maçhu Picchu – Buludların üzərində gizlənən sirr

media-1-intrepid-travel-peru_machupicchu

Machu Picchu buludların qoynunda itmiş bir sivilizasiya kimi qəbul edilir. Dünyanın sanki göylərə yaxın yerində, Perunun And dağlarının qoynunda, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə yerləşən Machu Picchu, insan zəkasının və təbiətə olan hörmətin əbədi heykəlidir. Bu qədim şəhər 1440–1450-ci illər arasında İnka imperatoru Paçakutinin əmri ilə inşa olunub və zamanla “İnkaların itirilmiş şəhəri” adını alaraq, tarixdə sirr dolu möcüzə kimi qalıb.

Cəmi 150-ə yaxın binadan ibarət olan bu şəhərdə qədim məbədlər, evlər, anbarlar və su kanalları yerləşir. Lakin Machu Picchu-nun əsl möcüzəsi onun heyrətamiz tikinti texnikasıdır. Burada heç bir sement və yapışdırıcı istifadə olunmadan daşlar bir-birinə elə dəqiqliklə yerləşdirilib ki, əsrlər keçməsinə, zəlzələlərə və torpaq sürüşmələrinə baxmayaraq, şəhər öz strukturunu və gözəlliyini qoruyub saxlayıb.

Daşların yerləşməsi Günəşin çıxma və batma bucaqlarına uyğun hesablanıb. Bu da İnka memarlarının astronomik biliklərə nə qədər dərindən sahib olduğunu sübut edir. Məhz bu harmoniya təbiət, elm və inamın vəhdəti Machu Picchunu təkcə tikili deyil, ruhən yaşayan bir məkan halına gətirib.

2007-ci ildə beynəlxalq səsvermə ilə Dünyanın Yeni Yeddi Möcüzəsindən biri elan edilən bu şəhər, bu gün də minlərlə insanı öz sirri və gözəlliyi ilə valeh edir. Hətta turist axınının qarşısını almaq üçün ziyarətçi sayı da məhdudlaşdırılıb.

Bu şəhərin ən məşhur hissəsi isə “İnka Trail” adlanan və dörd gün davam edən dağ yürüşüdür. Bu yol təkcə qədim daşların izi ilə getmək deyil, tarixlə təbiətin qucaqlaşdığı, ruhu sükuta qərq edən bir səfərdir. Machu Picchu inkalar üçün sadəcə bir yaşayış yeri deyildi, müqəddəs bir mərkəz, Tanrı ilə təmas nöqtəsi sayılırdı. Günəş Tanrısı “İnti”yə ibadətlər edilir, kənd təsərrüfatı üçün məhsuldarlıq duaları oxunurdu. Bu müqəddəs şəhərdə yerləşən “İntihuatana” adlı daş isə inkalar üçün əsl sirli bir alətdir. Onların inancına görə bu daş Günəşlə ünsiyyət qurur, ruhları qoruyur və ilin fəsillərini izləmək üçün istifadə olunurdu.

Köln Dam Kafedralı – 632 ildə ucalan möcüzə

media-fasad-dan-menara-katedral-cologne-jerman

Almaniyanın Köln şəhərində yerləşən Köln Kafedralı (Kölner Dom) Qotik memarlığın nadir incilərindən biri sayılır. Bu möhtəşəm tikilinin təməl daşı 15 avqust 1248-ci ildə arxiyepiskop Konrad fon Hoxştaden tərəfindən qoyulub. Lakin müxtəlif tarixi və siyasi səbəblərdən onun inşası tam 632 il davam edib və yalnız 1880-ci ildə yekunlaşdırılıb.

Kafedralın yerləşdiyi ərazi tarixən xüsusi əhəmiyyət kəsb edib. Burada əvvəllər Roma dövrünə aid məbəd və buğda dükanı mövcud olub. IV əsrdən etibarən ərazi xristianlar tərəfindən məskunlaşdırılıb və zamanla bir neçə kilsə, o cümlədən “qədim kafedral” inşa edilib. 818-ci ildə tikilən ikinci kafedral 1248-ci ildə baş vermiş yanğında məhv olub. Məhz bu hadisə yeni və daha möhtəşəm bir kafedralın tikintisinə zəmin yaradıb.

157 metr hündürlüyü ilə Köln Kafedralı bu gün Almaniyanın ən uca kilsəsi hesab olunur. Əzəmətli və vahiməli görünüşü ilə turistlərin diqqətini dərhal cəlb edən bu monumental tikili 1996-cı ildən UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alır.

Kafedralın daxilində müqəddəslərə aid relikviyalar, zəngin və rəngarəng vitraj pəncərələr yerləşir. Bu kilsə təkcə dini mərkəz deyil, həm də Almaniyanın memarlıq, mədəniyyət və tarixi baxımından əvəzolunmaz simvollarından biri sayılır.

Rhein çayının sahilində ucalan Köln Kafedralı Şimali Avropanın ən böyük qotik kilsələrindən biri olaraq, gündəlik orta hesabla 20 min ziyarətçi qəbul edir. Bu monumental abidə yalnız dini məkan deyil, həm də memarlıq incisi, turizm obyekti, mədəniyyət simvolu və fotoqrafların sevdiyi mənzərədir.

Bürc Xəlifə – Müasir dünyanın göylərə ucalan qülləsi

media-burjjjj

Dünyanın ən hündür binası olan Bürc Xəlifə müasir memarlığın zirvəsi sayılır. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən bu nəhəng tikilinin inşasına 2004-cü ildə başlanılıb və layihə 2010-cu ildə tam şəkildə başa çatdırılıb. 828 metr hündürlüyə malik bina 163 mərtəbədən ibarətdir. Rəsmi açılış mərasimi 2010-cu ildə Dubayın rəhbəri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum tərəfindən həyata keçirilib. Tikilidə 58 sürətli lift quraşdırılıb ki, bunlardan biri saatda 64 kilometr sürətə çatan, dünyanın ən sürətli liftlərindən biridir. Binanın ilkin adı “Burj Dubai” – “Dubay Qülləsi” olsa da, rəsmi açılış zamanı Əbu-Dabi əmiri və BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın şərəfinə “Bürc Xəlifə” adlandırılıb. Bu addəyişikliyə səbəb onun Dubayın maliyyə borclarını ödəməsinə verdiyi dəstək olub. Ərəb dilində “bürc” qüllə, “Xəlifə” isə prezidentin adıdır. Bürc Xəlifə sadəcə hündürlüyü ilə deyil, həm də sahə üzrə bir çox dünya rekordları ilə fərqlənir:

Dünyanın ən yüksək məscidi binanın 158-ci mərtəbəsində yerləşir.

Dünyanın ən yüksək restoranı olan “At.mosphere” 122-ci mərtəbədə fəaliyyət göstərir. Buradan Dubayın heyrətamiz panoramik mənzərəsi açılır.

Dünyanın ən yüksək gecə klubu 144-cü mərtəbədə yerləşir və eksklüziv qonaqlar üçün nəzərdə tutulub.

Dünyanın ikinci ən yüksək hovuzu isə 76-cı mərtəbədədir.

Bütün bunlar Bürc Xəlifəni sadəcə bir bina yox, mühəndislik və texnologiyanın, lüks həyat tərzi və şəhər simvolikasının birləşdiyi unikal bir abidəyə çevirir. Bu nəhəng quruluş təkcə Dubayın deyil, bütün dünyanın diqqətini cəlb edən müasir memarlıq möcüzəsidir. Hətta 2024-cü ildə Birləşmiş Ərəb Əmirlikləri hökuməti  “Bürc-Xəlifə” qülləsini 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə bürümüşdü.

media-15591070792503644285_1000x669

Tarixin dərinliklərindən qalxan piramidalar, buludlara toxunan qüllələr, sevgi ilə yoğrulmuş məqbərələr və zamanla yarışan amfiteatrlar… Bütün bu möcüzələr sübut edir ki, insan əli ilə yaradılan tikililər yalnız fiziki quruluş deyil, həm də ruhun, inamın və kollektiv zəkanın daşlaşmış izləridir. Onlara baxdıqda sadəcə keçmişə deyil, eyni zamanda insanın nəyə qadir olduğuna da şahidlik edirik.

Çin Səddi, Kolizey, Tac Mahal, Misir Piramidaları, Machu Picchu, Köln Kafedralı və Bürc Xəlifə –  bu yeddi memarlıq möcüzəsi, sivilizasiyaların gücünü, insan potensialını və estetik duyğularını bugünkü nəsillərə miras qoyub. Onlar başqa dövlətlərə, müxtəlif coğrafiyalara və fərqli mədəniyyətlərə aid olsalar da, mədəniyyətsevərləri bir araya gətirərək, onların yaddaşında silinməz bir iz buraxıb.

Bu tikililər bizə göstərir ki, bəşəriyyət yalnız müharibələr və dağıntılarla deyil, həm də yaratmaq, qorumaq və gələcəyə iz qoymaq təşəbbüsü ilə də çıxış edir.

Gülbəniz Səfərova

 

 


Bənzər xəbərlər