media-f2e4c996-b3c3-4fb7-84e5-792cd44de3e6

Son vaxtlar Patrul.az redaksiyasına daxil olan müraciətlər arasında zavod istehsalı olan çörəklərin keyfiyyəti ilə bağlı şikayətlər artmaqdadır. Qaynar xəttimizə göndərilən videogörüntüdə vətəndaş aldığı zavod çörəyinin keyfiyyətindən narazılığını ifadə edir.

Onun sözlərinə görə, çörəyin strukturu normal çörəkdən fərqlənir və dartıldıqda rezin kimi elastik görünür. Vətəndaş həmçinin çörəyin tərkibində sağlamlığa mənfi təsir göstərə biləcək bəzi qatqı maddələrinin ola biləcəyindən narahatlığını bildirir və bu məhsulu istifadə etdikdən sonra mədəsində narahatlıq yarandığını qeyd edir.

Şikayətçilər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını, zavod çörəklərinin keyfiyyət və tərkib baxımından yoxlanılmasını və zərurət yarandığı halda müvafiq tədbirlərin görülməsini tələb edirlər.

Məlum olduğu kimi, çörək gündəlik qidalanmada əsas ərzaq məhsullarından biridir və əhalinin böyük hissəsi hər gün bu məhsulu istehlak edir. Bu səbəbdən çörəyin keyfiyyəti və təhlükəsizliyi həm istehlakçıların sağlamlığı, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mütəxəssislərin fikrincə, çörəyin həddindən artıq elastik və yapışqan olması bir neçə amillə bağlı ola bilər. Bunlara istifadə olunan unun keyfiyyəti, istehsal zamanı tətbiq olunan texnologiya, həmçinin məhsulun saxlanma müddətini uzatmaq məqsədilə əlavə edilən müxtəlif qatqı və emulqatorlar aid edilir. Bununla belə, hər hansı qatqının insan sağlamlığı üçün təhlükəli olub-olmadığını yalnız laborator analizlər müəyyən edə bilər.
Məhz bu səbəbdən məsələnin müvafiq qurumlar tərəfindən araşdırılması vacib hesab olunur. Eyni zamanda, çörək istehsalı ilə məşğul olan müəssisələr də məhsulun keyfiyyətinə daha məsuliyyətlə yanaşmalı, istehlakçıların sağlamlığını hər şeydən üstün tutmalıdır. Çünki çörək yalnız gündəlik qida məhsulu deyil, həm də cəmiyyətimizdə xüsusi mənəvi dəyərə malik olan nemətlərdən biridir.

Aynur Nadirqızı


Bənzər xəbərlər