"30 il daşı-daş üstündə qoyulmayan, xarabalığa çevrilən Zəngilan artıq azaddır" - Deputat
“Möhtərəm Prezidentin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Zəngilanın işğaldan azad olunması, işğala, təcavüzə son qoyulması, haqq-ədalətin bərpa edilməsi ilə yanaşı, həm də cənub sərhədlərimizin bütövlüyünün təmin olunması baxımdan strateji əhəmiyyətə malikdir”.
Bu sözləri Patrulaz.az–açıqlamasında deputat Bəhruz Məhərrəmov Zəngilanın azad olunmasının 5 illiyi münasibətilə deyib.
B. Məhərrəmov İlham Əliyevin qətiyyəti ilə Zəngilan başda olmaqla, Qarabağ və Zəngəzurun daim Azərbaycana məxsus olduğu dünyaya göstərildiyini vurğulayıb:

“30 il daşı-daş üstündə qoyulmayan, xarabalığa çevrilən Zəngilan artıq azaddır. Azad edildikdən cəmi il yarım sonra isə artıq ilk sakinlərinə qovuşub. Ağalı kəndinin simasında biz Cənubi Qafqazın ən müasir yaşayış məskənlərinin birini inşa etməklə vandallardan fərqimizi ortaya qoyduq, bu bölgənin əsl sahibi kimdir, onu dünyaya göstərdik. Bu gün Zəngilanda Cənubi Qafqazın ən müasir hava limanlarından biri mövcuddur.
Beləliklə, cənab İlham Əliyevin qətiyyəti, Onun əzmi ilə aparılan işlərin sürəti və miqyası ilə bütün dünyaya nümayiş etdirməkdəyik ki, Zəngilan başda olmaqla, Qarabağ da, Zəngəzur da bizimdir və daim bizim də olacaq”.
Cəmilə Cəfərzadə






