“Zərifə Əliyevanın ən böyük amalı insanlara xidmət etmək olub” – Deputat Pərvin Kərimzadə
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.
Milli Məclisin deputatı Pərvin Kərimzadə Zərifə xanım Əliyevanın fəaliyyəti və əvəzsiz xidmətləri barədə Patrul.az-a şərh edib:
“Tarix boyu xalqlar öz dəyərlərini daha çox yetişdirdikləri görkəmli insanlar vasitəsilə ifadə ediblər. Elmə, mədəniyyətə və cəmiyyətin inkişafına töhfə verən belə şəxsiyyətlər yalnız öz dövrlərinin deyil, gələcək nəsillərin də yoluna işıq salır və onların xatirəsi daim hörmətlə yad olunur. Azərbaycan da bu baxımdan zəngin ənənələrə malikdir və bir çox sahədə tanınmış simalar yetirib. Bu görkəmli insanlardan biri də həyatını elmə və insanlara xidmətə həsr etmiş Zərifə xanım Əliyevadır”.
Millət vəkili xatırladıb ki, ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir:
“Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.
Eyni zamanda, Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotik – sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb”.
P.Kərimzadə müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalının insanlara xidmət etmək olduğunu vurğulayıb:
“Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, məhz onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub.
Zərifə xanım “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib”.
Müsahibimizin sözlərinə görə, Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib:
“Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib.
Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə xanım Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb”.
Deputat, Zərifə xanımın həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olduğunu qeyd edib:
“Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. O, xalqımıza İlham Əliyev kimi layiqli oğul bəxş edib. Bu gün belə bir oğulun liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır.
Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. Ulu Öndər onun haqqında deyirdi:
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hislərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
“Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır. Paytaxtın Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də Naxçıvan şəhərində onun adını daşıyan küçə var. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2023-cü ildə Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə silsilə tədbirlər həyata keçirilib.
Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, xalqa məhəbbəti, mənəvi saflığı, fədakarlığı Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində davam etdirilir”, – deyə o əlavə edib.
Ləman Sərraf






