"1 milyon dollarlıq mükafat Azərbaycan və Ermənistan arasında bölünəcək" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycana verilən 1 milyon dollarlıq “Zayed İnsan Qardaşlığı Mükafatı” nın iki ölkə arasında bölünəcəyini açıqlayıb.
Patrul.az xəbər verir ki, o, bu barədə cümə günü keçirdiyi brifinqdə danışıb.
Paşinyan bildirib ki, Ermənistan tərəfinə düşən pay sosial əhəmiyyətli ehtiyaclara yönəldiləcək:
“Zayed Mükafatının mükafat fondu 1 milyon dollardır. Bilirsiniz ki, biz bunu Azərbaycan Prezidenti ilə bölüşdük. Ermənistan tərəfinə 500 min dolların ayrılması gözlənilir. Məbləğ hələ köçürülməyib və mən onun hansı sosial əhəmiyyətli məqsədlər üçün istifadə ediləcəyini düşünürəm”, – deyə o qeyd edib.
Baş nazir konkret qərar qəbul edildikdən sonra əlavə açıqlama veriləcəyini bildirib.
Xatırladaq ki, fevralın 4-də Əbu-Dabi şəhərində dialoq, qarşılıqlı hörmət, sosial ədalət və dinc yanaşı yaşama mədəniyyətinin gücləndirilməsinə verdikləri töhfələrə görə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyana Zayed İnsan Qardaşlığı Mükafatı təqdim edilib.
Mükafatı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.






