media-inshot_20260316_182510078

Artıq Azərbaycanda Novruz və Ramazan bayramlarına yaxın bazarlarda və marketlərdə ciddi qiymət artımı müşahidə edilir. Vətəndaşlar ərzaq məhsullarından tutmuş, hətta texniki avadanlıqlara qədər bazarda artımların olduğunu müzakirə edirlər.

Bəs bayram günlərində ən çox hansı məhsulların qiymətində artım müşahidə olunur?

Vətəndaşların bayram süfrəsini daha qənaətcil qurması ilə bağlı iqtisadçı Razi Abbasbəyli Patrul.az-a açıqlamasında tövsiyələrini bölüşüb.

Onun sözlərinə görə, bayram günlərində hər il olduğu kimi tələbat artan məhsulların qiymətində də artım müşahidə olunur:

“Dünyada qəbul edilmiş bir norma var ki, bayram ərəfəsində ticarətdə tələbat artan məhsulların qiyməti yüksəlir. Tələbatın artması nəticə etibarilə bazardakı təklifin səviyyəsinə uyğun olaraq qiymətlər dəyişir”.

İqtisadçının sözlərinə görə, bazarda ən çox çərəz və ərzaq məhsullarının qiyməti artıb:

“Hazırda bazarlarda ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Xüsusilə kərə və bitki yağları, eyni zamanda şəkər tozunda az da olsa qiymət dəyişiklikləri nəzərə çarpır. Bir neçə aydır ki, ölkəmizdə çərəz, qoz-fındıq və digər sitrus meyvələrinin qiymətləri də yüksəlib.

Əsasən daha çox idxal olunan məhsullarda bahalaşma baş verib. Bu məhsullarda qiymət artımının səbəbi mövsümlə əlaqədardır. Yaz aylarında tədarükün azalması da buna təsir göstərir”.

R.Abbasbəylinin sözlərinə görə, bu günlərdə təkcə ərzaq məhsullarında deyil, xidmət sektorunda da bahalaşma müşahidə olunur:

“Novruz bayramı ərəfəsində xidmət sektorunda da bahalaşma var. Ənənəvi olaraq Azərbaycanın regionlarındakı hotellərin, kirayə və günlük fərdi yaşayış evlərinin qiymətləri də artıb”.

media-inshot_20260316_191950797

Ekspert vətəndaşlara bayramın uzun müddətini, qiymət artımlarını, əməkhaqlarının və sosial ödənişlərin əvvəlcədən verilməsini nəzərə alaraq vəsaitlərini daha səmərəli xərcləməyi tövsiyə edir:

“Vətəndaşlar bayram ərəfəsində büdcələrinə xüsusilə diqqət yetirməlidirlər. Çünki qarşıda faktiki olaraq 11 gün iş olmayacaq. Bu isə o deməkdir ki, bayram günlərində iqtisadiyyatda müəyyən durğunluq yaranacaq.

Uzunmüddətli tətil əsasən özəl xidmət sektorunun gəlirlərinə ciddi təsir göstərəcək. Bununla yanaşı, dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda çalışanlar, pensiya və təqaüd alanlar da əllərində olan vəsaitdən qənaətlə istifadə etməlidirlər. Çünki təqaüdlər növbəti dəfə bayramdan sonra – uzun fasilədən sonra ödəniləcək. Bu isə təxminən 40 gündən çox bir müddət deməkdir. Eyni zamanda əməkhaqqı da qrafikdən əvvəl ödənilib”.

Həmsöhbətimiz vətəndaşlara bayramı evdə, öz hazırladıqları yemək və şirniyyatlarla keçirməyi də tövsiyə edir:

“Yaxşı olar ki, vətəndaşlar bayramı evlərində keçirməyi planlaşdırsınlar. Hazır məhsullar almaqdansa, çərəzləri alıb şirniyyatları özləri hazırlasalar daha məsləhətli olar. Ən vacib məqamlardan biri isə odur ki, çərəz məhsulları arasında qoz, fındıq kimi məhsulların ləpəsi bahadır. Ləpə baha olduğuna görə yaxşı olar ki, əhali nisbətən ucuz qiymətə qozu və fındığı bütöv alsın, sonra isə şirniyyat hazırlayarkən özləri təmizləsin. Bu məhsullardan əldə olunan içlikdən istifadə etsinlər. Belə olan halda xərclərə müəyyən qədər qənaət etmək mümkün olar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər