125 manata satılan “Jean Paul Gaultier” ətiri saxta imiş - “Avropa gəlişi” adı ilə aldatma - İDDİA!
Patrul.az redaksiyasına müraciət edən izləyicimiz aldığı ətirin saxta çıxmasından şikayətçidir. Onun sözlərinə görə, o, Instagram üzərindən “parfum.de.fa” adlı səhifədən “Jean Paul Gaultier Le Male Le Parfum” adlı ətiri sifariş edib və orijinal məhsul olduğunu düşünərək 125 manat ödəniş edib.
İzləyici bildirib ki, ətiri alandan sonra qablaşdırma və flakon dizaynı barədə şübhələr yaranıb:
“Ad günümə topladığım pulu verib bu ətiri almışdım. Amma sonra baxdım ki, orijinal deyil. Flakonun üzərində xətlər tərs tərəfdədir, orijinalda isə belə olmur.”
Məsələ ilə bağlı satıcı ilə yazışan izləyicimiz məhsulun orijinallığını soruşduqda, “Avropa gəlişi Premium Class məhsuldur” cavabını alıb.
Patrul.az-ın araşdırması zamanı müəyyən olunub ki, Jean Paul Gaultier brendinin orijinal ətirləri yalnız Fransada istehsal olunur. Brendin rəsmi təsnifatında “Avropa gəlişi”, “Premium class” kimi ifadələr mövcud deyil – bu cür terminlər, adətən, saxta və ya paralel idxal məhsullarının satışında istifadə olunur.
Mütəxəssislərin fikrincə, izləyicinin təqdim etdiyi flakonda xətlərin tərs istiqamətdə olması, relyef fərqləri və qablaşdırma kodunun olmaması məhsulun orijinal deyil, replika olduğunu sübut edir.
Əlavə olaraq, izləyicinin dediyinə görə, məhsulun qoxusu və qalıcılığı da orijinal modeldən xeyli fərqlidir.
Araşdırmalar göstərir ki, Jean Paul Gaultier “Le Male Le Parfum” ətirinin orijinal versiyasının qiyməti dünya bazarında aşağıdakı aralıqdadır:
ABŞ-da – 125 ml üçün 165 – 180 dollar (təxminən 280 – 305 manat)
Böyük Britaniyada – 125 ml üçün 88 funt sterlinq (təxminən 190 manat)
Kanada bazarında – 75 ml üçün 114.95 CAD (təxminən 150 manat)
Azərbaycan bazarında isə bu ətirin rəsmi pərakəndə satış qiyməti təxminən 250 – 350 manat civarındadır.
Bu baxımdan, 125 manata satılan məhsulun orijinal olması iqtisadi baxımdan da inandırıcı deyil.
Məsələ ilə bağlı Patrul.az “parfum.de.fa” səhifəsi ilə əlaqə saxlayaraq onların mövqeyini öyrənməyə çalışsa da, lakin zənglərimizə cavab verən olmadı.







