150 balla məzun oldu, amma iş tapa bilmir – Ekspert əsas səbəbləri izah edir
Aşağı balla ali təhsil müəssisələrinə daxil olan məzunların əmək bazarına çıxışı son illər daha da çətinləşib. Təhsil müddətində əldə olunan nəzəri biliklərin real iş bacarıqlarına çevrilməməsi, rəqabətin artması və işəgötürənlərin tələblərinin yüksəlməsi bu prosesə birbaşa təsir edir. Bir çox gənc məzun diplom əldə etsə də, əmək bazarında özünə yer tapmaqda çətinlik yaşayır.
Bəs 150 bal toplayan məzunların iş tapa bilməməsinə səbəb olan əsas amillər və onların əmək bazarında üzləşdiyi çətinliklər hansılardır?
Bu barədə təhsil mütəxəssisi, tədqiqatçı Vaqif Fətullayev Patrul.az-a açıqlamasında bildirib ki, əmək bazarında əsas meyar qəbul balı yox, məzunun özünü inkişaf etdirərək qazandığı real bacarıqlar və praktiki səriştələrdir:
“Əslində burada bal məsələsi önəm kəsb etmir. Ola bilər ki, gənc 150 balla ali məktəbə qəbul olsun, lakin daha sonra seçdiyi ixtisas üzrə təhsili ilə ciddi məşğul olsun, özünü inkişaf etdirsin, əlavə bacarıqlar qazansın, təcrübə əldə etsin və nəticədə səriştəli mütəxəssisə çevrilsin. Belə halda həmin məzunun iş tapmaqda çətinlik yaşayacağını düşünmürəm. Çünki əmək bazarı real nəticəyə, sərgilənən bacarıqlara və kompetensiyalara baxır, qəbul balına yox. Digər tərəfdən ola bilər ki, 600 və daha yüksək balla universitetə qəbul olan bir gənc məhz yüksək balın verdiyi rahatlığa güvənib öz ixtisasını lazımi səviyyədə oxumasın, özünü təkmilləşdirməsin və əmək bazarının tələbləri ilə tanış olmasın. Belə olanda həmin gənc məzun olduqdan sonra sahəsi üzrə iş tapmaqda çətinlik yaşayacaq. Yəni məzunun uğuru qəbul göstəricisinə deyil, təhsil dövründə əldə etdiyi bacarıqlar, tətbiqi təcrübə, özünü inkişaf etdirməsi, öz üzərində işləməsi və şəxsi məsuliyyətinə bağlıdır. Bu gün əmək bazarı diplomdan çox konkret nəticə, səriştə və məhsuldarlıq tələb edir. Bu səbəbdən ballar yolun başlanğıcıdır, nəticəni isə məzunun təhsil prosesində göstərdiyi səylər müəyyən edir”.
V. Fətullayev bildirib ki, iş tapmaq əsasən qəbul balından yox, real bacarıq və təcrübədən asılıdır:
“Hesab edirəm ki, bu gün həm dünyada, həm də Azərbaycanda əmək bazarında rəqabət nəzərəçarpacaq dərəcədə artıb və bu şəraitdə tələbələr üçün əsas məsələ qəbul balı yox, universitet illərində formalaşdırdıqları bacarıq portfelidir. Beynəlxalq Əmək Təşkilatının 2024-cü ildə dərc etdiyi hesabata əsasən, 2023-cü ildə dünyada gənclər arasında işsizlik 13 faiz, yəni 64,9 milyon nəfər olub və bu rəqəm son 15 ilin ən aşağı göstəricisidir. Dünya İqtisadi Forumunun “Gələcəyin peşələri” adlı 2025-ci il hesabatında isə göstərilir ki, 2030-cu ilə qədər əmək bazarında tələb olunan əsas bacarıqların təxminən 39 faizi dəyişəcək. Bu reallıq fonunda tələbələrə tövsiyəm budur ki, ixtisas fənlərini imtahan üçün yox, peşə üçün oxusunlar, ən azı bir neçə güclü rəqəmsal bacarıq (ofis proqramları, data analizi, əsas proqramlaşdırma və s.) öyrənsinlər, universitet illərində mütləq təcrübə proqramları, könüllülük və layihələrdə iştirak etməklə portfel formalaşdırsınlar, universitet daxilində və ya digər formada komanda işini tələb edən fəaliyyətlərlə ünsiyyət və problem həll etmə bacarıqlarını inkişaf etdirsinlər, keyfiyyətli onlayn kurs və təlimlərlə öz ixtisasları üzrə biliklərini dərinləşdirsinlər, ən azı bir xarici dili (ilk növbədə ingilis dilini) iş mühitində istifadə edə biləcək səviyyəyə çatdırsınlar. Bundan əlavə, 2-3-cü kurslardan etibarən əmək bazarı ilə erkən tanış olmaq, karyera mərkəzlərinin xidmətlərindən, iş yarmarkalarından, mentorluq və şəbəkələşmə imkanlarından aktiv istifadə etmək, eləcə də peşəkar CV və LinkedIn profilini vaxtında hazırlayıb hər semestr yeniləmək məzun olduqdan sonra iş tapmaq ehtimalını əhəmiyyətli dərəcədə artırır”.
Ekspert qeyd edib ki, gənclər həm ali, həm də peşə təhsilini gələcək əmək bazarının tələblərinə uyğun seçməlidirlər:
“Bir məqamı da qeyd edim ki, müşahidələr göstərir ki, bu gün demək olar ki, əksəriyyət ya özü, ya da yaxınlarının təzyiqi ilə ali təhsilə yönəlməyə çalışır. Nəticədə əmək bazarının ehtiyac duyduğu bir çox praktiki peşələr üzrə kadr çatışmazlığı yaranır. Halbuki Almaniya və İsveçrə kimi ölkələrdə peşə və dual təhsil modelləri yüksək məşğulluq səviyyəsi, güclü sənaye əməkdaşlığı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması ilə seçilir. Oxşar peşə yönümlü proqramların genişləndirilməsi Azərbaycanda da gənclərin həm daha tez, həm də daha stabil şəkildə əmək bazarına inteqrasiyasına imkan yarada bilər. Bu gün dövlət tərəfindən peşə təhsilinə xüsusi diqqət var və bu sahə inkişaf edir. Ona görə də gənclər özləri də bir az qlobal düşünməli, 5-10 il sonra əmək bazarında hansı sahələrə ehtiyac olacağını nəzərə almalıdırlar. Ali təhsil almağa ehtiyac varmı, yoxsa peşə təhsili daha yaxşı seçimdir, bunu düşünmək lazımdır”.
Cəmilə Cəfərzadə






