media-inshot_20260119_103806118

“20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm böyük milli faciə, həm də azadlıq mübarizəmizin dönüş nöqtəsi kimi yaşayır. Bu hadisə təkcə 1990-cı ilin yanvarında baş verən qanlı bir gecə deyil, bütöv bir xalqın siyasi şüurunun formalaşmasında həlledici rol oynamış tarixi mərhələdir”.

Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Patrul.az-a 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında necə qaldığı barədə şərh edərkən səsləndirib.

Millət vəkili xatırladıb ki, Sovet imperiyasının süquta doğru getdiyi bir dövrdə Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi, xalqın suverenlik, ədalət və milli ləyaqət tələblərinin açıq şəkildə səslənməsi mərkəzi hakimiyyəti ciddi şəkildə narahat edirdi:

“Məhz bu qorxu və imperiya təfəkkürü Bakıya hərbi qoşun hissələrinin yeridilməsi kimi qəddar qərarın verilməsinə səbəb oldu. Heç bir xəbərdarlıq edilmədən, fövqəladə vəziyyət elan olunmadan dinc əhaliyə qarşı ağır silahların tətbiqi dövlət tərəfindən törədilmiş açıq siyasi və hərbi cinayət idi.

20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini sındırmadı. Əksinə, bu qanlı faciə milli özünüdərkin daha da güclənməsinə, sovet sisteminə olan inamın tamamilə itirilməsinə gətirib çıxardı. İnsanlar başa düşdülər ki, azadlıq yalnız tələb etməklə deyil, onun uğrunda qurban verməklə qazanılır. Şəhidlərin qanı müstəqil dövlət quruculuğunun mənəvi təməlini formalaşdırdı”.

media-inshot_20260119_102825915

V.Qafarov bu hadisənin tarixi qiymətinin verilməsində Ulu Öndər Heydər Əliyevin mövqeyi xüsusi vurğulayaraq qeyd edib ki, Onun 20 Yanvar faciəsini açıq şəkildə pisləməsi və ona siyasi-hüquqi qiymət verməsi bu hadisənin xalqın yaddaşında sadəcə matəm deyil, həm də azadlıq uğrunda qəhrəmanlıq nümunəsi kimi möhkəmlənməsinə şərait yaratdı:

“Bu gün Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini daim ehtiramla yad edir, onların azadlıq uğrunda canlarını fəda etməsini müstəqil Azərbaycanın ideoloji və mənəvi dayaqlarından biri kimi qiymətləndirir.

Bu gün, 36 il sonra 20 Yanvar Azərbaycan xalqının tarixi yaddaşında milli matəmin acı bir xatirəsi olmaqla yanaşı, həm də milli qürur və mübarizə rəmzi kimi yaşayır. Bu tarix bizə azadlığın dəyərini, müstəqilliyin hansı ağır bədəllər ödəməklə qazanıldığını xatırladır və gələcək nəsillərə azad dövlətin qorunmasının müqəddəs vəzifə olduğunu aşılayır”.

Ləman Sərraf


Bənzər xəbərlər