media-img_2872

Artıq 2024-2025-ci tədris ilinin bitməsinə sayılı günlər qalır. Bu il də müəyyən dəyişikliklərin və yeniliklərin şahidi olduq. Bəs başa vurduğumuz tədris ili nə ilə yadda qaldı? 

Təhsil eksperti Kamran Əsədov Patrulaz.az-a bu barədə fikirlərini bölüşüb:

“2024–2025-ci tədris ili Azərbaycanın təhsil sistemində həm struktur, həm də məzmun baxımından diqqətəlayiq dəyişikliklərlə yadda qaldı. Tədris planlarının yenilənməsi, inklüzivliyin genişləndirilməsi, peşə təmayüllü siniflərin artırılması və yeni ali təhsil müəssisələrinin – o cümlədən Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması kimi tədbirlər təhsil sisteminin modernləşdirilməsi baxımından irəliləyiş kimi qiymətləndirilə bilər. Bununla belə, cari il ərzində həyata keçirilən bəzi dəyişikliklər – xüsusilə lisey və gimnaziyalara qəbul qaydalarının qəfil ləğvi, DİM-in buraxılış və qəbul imtahanlarında baş verən qiymətləndirmə problemləri və orta məktəblərdə dərs keyfiyyətinə dair ictimai narazılıqlar bu irəliləyişlərin fonunda ciddi təhlil tələb edir.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsində göstərilir ki, təhsil siyasəti şəffaflıq, davamlılıq və sosial ədalət prinsipləri əsasında həyata keçirilməlidir. Lakin 2024–2025-ci tədris ilində baş verən bəzi qərarlar – xüsusilə lisey və gimnaziyalara 5–6-cı siniflər üzrə qəbulun əvvəlcədən xəbərdarlıq edilmədən ləğv olunması bu prinsiplərlə ziddiyyət təşkil etdi. İki il müddətində hazırlaşan minlərlə şagird və ailə faktiki olaraq fakt qarşısında qoyuldu, bu isə ictimai inamsızlığı artırdı. Bu qərar təhsildə çevik planlamanın və ictimai rəyin nəzərə alınmasının nə qədər zəruri olduğunu bir daha göstərdi. Beynəlxalq təcrübədə, məsələn, Almaniyada gimnaziya sisteminə keçid 5-ci sinifdən başlayır və bu keçid valideynlərlə geniş məsləhətləşmələrdən, psixoloji diaqnostikadan və şagirdin məktəbdəki performansından sonra həyata keçirilir. Azərbaycanda isə bu tip islahatlar çox zaman ictimai debatdan kənar və qərarverici strukturların birtərəfli addımları ilə reallaşdırılır”.

media-7aaad70d-834c-4a4d-ae2e-ebf0b9844578
Ekspert xatırladıb ki, cari tədris ilində müsbət addımlardan biri ümumi təhsil müəssisələri üçün yeni tədris planlarının tətbiqi oldu:

“Elm və Təhsil Nazirliyinin 2024-cü ildə təsdiqlədiyi I–XI siniflər üzrə tədris planları kurikulumun yenilənməsinə və dərs saatlarının daha optimal paylanmasına şərait yaratdı. Bu, xüsusilə ibtidai və əsas təhsil səviyyəsində şagirdlərin yükünün azaldılması və fənlərarası inteqrasiyanın genişlənməsi baxımından əhəmiyyətlidir. Ancaq bu planların tətbiqi zamanı müəllimlərin metodiki hazırlıq səviyyəsinin yetərsizliyi və təlim resurslarının regionlar üzrə qeyri-bərabər paylanması praktikada çətinliklər yaratdı. Qanunun 13.2-ci maddəsinə əsasən, təhsilin keyfiyyətinə nəzarət əsasən nəticə və proses indikatorlarına əsasən həyata keçirilməlidir. Yeni tədris planlarının nəticəyə təsiri ilə bağlı isə hələlik obyektiv göstəricilər açıqlanmayıb.

İnklüziv təhsil sahəsində də nəzərəçarpacaq irəliləyişlər müşahidə olundu. 2024–2025-ci tədris ilində Bakı şəhərində 30 məktəbdə inklüziv siniflər yaradıldı və burada 57 sağlamlıq imkanları məhdud uşaq təhsil aldı. Bu, cəmiyyətin həssas qruplarının təhsilə inteqrasiyası baxımından mühüm sosial əhəmiyyət daşıyır. Lakin bu modelin bütün ölkə üzrə yayılması və inklüziv təhsilin yalnız formal deyil, real pedaqoji yanaşmalar əsasında həyata keçirilməsi üçün əlavə resurs, mütəxəssis hazırlığı və qanunvericilikdə dəqiq mexanizmlərin olması vacibdir. Hal-hazırda bu istiqamətdə inklüziv təhsil üzrə pedaqoji kadrların çatışmazlığı və metodik dəstəyin qeyri-kafi olması ciddi çətinliklər yaradır”.

Kamran Əsədov eyni zamanda qeyd edib ki, peşə təmayüllü siniflərin sayında da artım müşahidə edildi:

“Elm və Təhsil İnstitutu tərəfindən təqdim olunan statistikaya əsasən, 2024–2025-ci tədris ilində bu siniflərin sayı əvvəlki illərlə müqayisədə artmış və şagirdlərin bu siniflərə marağı yüksəlmişdir. Bu, əmək bazarının real tələblərinə uyğunlaşma baxımından vacibdir. Müasir dünya təcrübəsində, məsələn, Finlandiyada və Sinqapurda peşə təhsili 14 yaşdan etibarən planlı şəkildə həyata keçirilir və bu sistemlə ali təhsil və əmək bazarı arasında real əlaqə yaradılır. Azərbaycanda isə peşə təmayüllü siniflər hələ də sınaq mərhələsindədir və bu modelin davamlılığı üçün hüquqi və iqtisadi mexanizmlər tam formalaşmayıb.

Ali təhsil sahəsində ən mühüm hadisələrdən biri Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması oldu. Qarabağ Universitetinin açılması təkcə ali təhsil sahəsində deyil, həm də regionun sosial və iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyır. Bu, işğaldan azad olunmuş ərazilərdə təhsil mühitinin yaradılması və insan resurslarının bölgədə bərpasına yönəlmiş ciddi addımdır. Eyni zamanda Türkiyə-Azərbaycan Universiteti ilə əməkdaşlıq beynəlxalq ali təhsil inteqrasiyası baxımından müsbət presedentdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi statistikaya görə, 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 513,698 şagird təhsil almışdır. Bu məktəblərin I sinfində 46,098, IX sinfində 44,233, X sinfində 35,757, XI sinfində isə 32,260 nəfər şagird təhsil alıb. Bu göstəricilər təhsil sistemində artan iştirak səviyyəsini göstərsə də, eyni zamanda buraxılış və qəbul siniflərinə yaxınlaşdıqca sayda azalma müşahidə olunur. Bu, həm sosial-iqtisadi faktorlarla, həm də erkən əmək bazarına çıxış və miqrasiya meylləri ilə əlaqəlidir. Bu dinamika uzunmüddətli planlamada təhsil sisteminə əlavə təzyiqlər yaradacaq”.

“Tədris ilinin yekununda buraxılış və qəbul imtahanlarında DİM tərəfindən aparılan qiymətləndirmə prosesinə dair də cəmiyyətin narazılığı diqqət çəkdi. Xüsusilə apelyasiya proseslərində şəffaflığın olmaması, sualların texniki və məzmun baxımından qüsurlu olması, bəzi şagirdlərin nəticələrinin sonradan dəyişdirilməsi təhsildə ictimai etimadın azalmasına səbəb oldu. Qanunun 18.3-cü maddəsinə əsasən, təhsil sahəsində idarəetmə prosesləri şəffaf, hesabatlı və vətəndaşların hüquqlarını təmin edən əsaslarla aparılmalıdır. DİM-in bu proseslərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi bu prinsiplərlə ziddiyyət təşkil edir və islahatlara ciddi ehtiyac olduğunu göstərir.

Ümumilikdə, 2024–2025-ci tədris ili təhsilin müxtəlif sahələrində struktur dəyişiklikləri və yeni təşəbbüslərlə yadda qaldı. Lakin bu təşəbbüslərin sistemli, planlı və davamlı olması üçün normativ çərçivənin möhkəmləndirilməsi, cəmiyyətlə açıq dialoqun qurulması və bütün qərarların ictimai maraqlar və pedaqoji əsaslarla uzlaşdırılması vacibdir. Əks halda, təhsildə atılan hər addım təkamül deyil, təzad və narazılıq mənbəyinə çevriləcək. Təhsildə keyfiyyətin real yüksəlişi isə yalnız konkret, ölçüləbilən nəticələr və cəmiyyətin ehtiyaclarına uyğun çevik sistemlə mümkündür”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər