2026-cı ildə əmlak bazarında vəziyyət necə olacaq? - EKSPERT RƏYİ
Uzun illərdir Bakı şəhərində daşınmaz əmlak bazarı davamlı qiymət artımı ilə xarakterizə olunurdu. Elə dövrlər olub ki, illik bahalaşma 10, bəzi hallarda isə 20 faizə qədər çatıb. Ancaq mütəxəssislərin qənaətinə görə, 2025-ci ilin ikinci yarısından başlayaraq bazarda fərqli bir mərhələ formalaşmağa başlayıb və durğunluq artıq açıq şəkildə hiss edilir. Başqa sözlə, illərdir davam edən qiymət artımı tendensiyası zəifləyib və əmlak bazarında yeni dinamika yaranıb.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Patrul.az-a açıqlamasında 2026-cı ildə də bazarda qiymət artımının davam edəcəyini bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrına qədər ölkədə daşınmaz əmlak bazarında kəskin və qeyri-adi qiymət artımı müşahidə olunurdu:
“Lakin həmin ilin sonunda ipoteka kreditləri üzrə limitlərin tükənməsi və kreditlərin müvəqqəti dayanması bazarda artım tempinin zəifləməsinə səbəb oldu. Nəticədə 2024 və 2025-ci illərdə bazar dinamikası və qiymət artımı göstəriciləri demək olar ki, eyni səviyyədə qaldı”.

Ekspert qeyd edib ki, Bakı şəhəri ölkənin paytaxtı olduğu üçün və əhalinin, həmçinin istehlak tələbatının ən yüksək olduğu məkandır:
“Bu səbəbdən, qiymətlər də məhz Bakı şəhərində daha yüksək səviyyədə formalaşır. Qiymət artımı və dəyişkənliyi, yəni qiymət dinamikası da məhz burada daha qabarıq şəkildə hiss olunur.
İkinci pillədə isə Sumqayıt şəhəri, Xırdalan şəhəri və ümumilikdə Abşeron yarımadası yerləşir. Bakı ilə birbaşa coğrafi və iqtisadi əlaqədə olan bu ərazilərdə də qiymətlər yüksək olmaqla yanaşı, tələb və təklifin təsiri nəticəsində nisbi dəyişkənlik müşahidə olunur.
Yüksək tələbat fonunda, təəssüf ki, son illər ərzində Tikinti və Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti şirkətlərinə verilən icazələrin sayı ciddi şəkildə məhdudlaşdırılıb. Bu səbəbdən ilkin mənzil bazarında rəqabət demək olar ki, sıfıra enib. Rəqabətin olmaması nəticəsində tikinti şirkətləri əllərində qalan mənzilləri orta bazar qiymətindən 15–20% daha yüksək qiymətlə təklif edirlər”.
E. Azadov vurğulayıb ki, ümumi qiymət artımı daşınmaz əmlakın növündən birbaşa asılıdır:
“Ən yüksək artım mənzillər və fərdi yaşayış evləri seqmentində müşahidə olunur ki, bunun da əsas səbəbi bu sahədə tələbatın yüksək qalmasıdır.
Mövcud bazar dinamikasını əsas götürərək 2026-cı illə bağlı proqnoz verən ekspert bildirib ki, bəzi mütəxəssislər qiymətlərin sabitləşəcəyini və ya enəcəyini iddia etsələr də, o bu yanaşma ilə razılaşmır. Onun fikrincə, 2026-cı ildə də daşınmaz əmlak bazarında bahalaşma davam edəcək. Xüsusilə orta qiymət kateqoriyasına aid olan, təxminən 200–250 min və ya 250–300 min manat aralığında dəyəri olan mənzillər və fərdi evlərdə qiymət artımı daha qabarıq hiss olunacaq”.
Ləman Sərraf






