Biləcəridə baxımsız yerüstü piyada keçidi sakinləri təhlükə altında qoyur
Biləcəri stansiyası yaxınlığında yerləşən yerüstü piyada keçidinin uzun illərdir baxımsız qalması sakinlərin ciddi narazılığına səbəb olub.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə keçidin pilləkənlərinin dağıldığı, bəzi hissələrində çatların əmələ gəldiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü əksini tapıb.
Bundan əlavə, ərazidəki açıq elektrik xətləri piyadalar üçün əlavə təhlükə yaradır.
Sakinlər bildirirlər ki, bu vəziyyət illərdir davam edir və hər gün keçiddən istifadə edənlər həyati risklə üz-üzə qalırlar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev isə açıqlamasında qurumun vəziyyətdən xəbərdar olduğunu və yaxın vaxtlarda keçidin təmirinə başlanılacağını deyib.






