media-inshot_20250828_213522935

İnsanlar hər zaman dünyanı anlamağa çalışıb. Amma bəzən məlumat çatışmazlığı, bəzən də sadəcə inanmaq istəyi nəticəsində müxtəlif miflər formalaşıb. Bu inanclar o qədər yayılıb ki, hələ də çoxları onları həqiqət kimi qəbul edir.

Patrulaz.az olaraq ən məşhur miflərdən bir neçəsinə nəzər salaq:

“İnsanın beyninin cəmi 10%-i işləyir”

Bu mif illərlə filmlərdə, kitablarla təbliğ olunub. Əslində, neyroelm sübut edir ki, beyin demək olar ki, bütün funksiyaları ilə aktivdir. Sadəcə bütün hissələri eyni anda deyil, ehtiyac olduqda işləyir.

“Qaranlıqda oxumaq gözləri kor edir”

Doğrudur, zəif işıqda oxumaq gözləri yorur və müvəqqəti narahatlıq yaradır. Amma bu, görmə qabiliyyətinə qalıcı zərər vermir. Gözlər sadəcə istirahətə ehtiyac duyur.

“Soyuq havada soyuqlayırıq”

Soyuq havada xəstələnmək ehtimalı yüksəkdir, amma səbəb havanın özü deyil. İnsan soyuqda çox vaxt qapalı məkanlarda olur, yaxın təmas artır və virusların yayılması asanlaşır. Yəni xəstəliyə səbəb virusdur, soyuq yox.

“Saçları tez-tez kəsmək onların daha sürətli uzanmasına səbəb olur”

Saçların uzanma sürəti baş dərisindəki follikullardan asılıdır. Saçın ucunu kəsmək uzanma tempini dəyişmir, sadəcə daha sağlam və səliqəli görünməsinə kömək edir.

“Şokolad sızanaq yaradır”

Şokoladın özü deyil, şəkər və yağ baxımından çox ağır qidalanma dəriyə təsir edir. Keyfiyyətli tünd şokolad isə əksinə, antioksidantlarla zəngin və faydalıdır.

Miflərin cazibəsi ondadır ki, onlar sadə cavablar verir və tez yadda qalır. Amma hər zaman xatırlamaq lazımdır ki, hər eşitdiyimiz doğru deyil. Elmi biliklər inkişaf etdikcə bu miflərin çoxu bir-bir çürüdülür və yerini real faktlara verir.

Ləman Sərraf


Bənzər xəbərlər