24 saat ərzində hücum riski xəbərdarlığından sonra İran bütün uçuşları dayandırdı
İran bütün hava məkanında uçuşları dayandırıb.
Patrul.az İran mediasına əsasən xəbər verir ki, bu barədə İranın aviasiya orqanları tərəfindən yayımlanan rəsmi bildirişdə qeyd olunub ki, Tehran Uçuş Məlumat Bölgəsi İran Mülki Aviasiya Təşkilatından öncədən icazə almış beynəlxalq mülki reyslər istisna olmaqla, bütün uçuşlar üçün bağlanıb.
Qeyd edək ki, son bir neçə saat ərzində Avropa rəsmiləri ABŞ-nin 24 saat ərzində İrana qarşı hərbi müdaxilə edə biləcəyi ilə bağlı açıqlamalar veriblər.
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın kəskin devalvasiyası və ölkədəki iqtisadi problemlərə etiraz olaraq aksiyalar başlayıb. Etirazlar qısa müddət ərzində ölkənin bir çox şəhərinə yayılıb.
Qeyri-rəsmi mənbələr etirazlar zamanı ölənlərin sayının 2550 nəfərə çatdığını, onlardan 147-nin təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğunu bildirib. İran hakimiyyəti isə hələlik ölənlər və yaralananlarla bağlı rəsmi statistika açıqlamayıb.
Məlumata görə, etirazlar zorakılıq və polis müdaxiləsi ilə müşayiət olunub, 9 yanvar tarixində isə ölkə üzrə internetin fəaliyyəti məhdudlaşdırılıb.






