"26 ölkə Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazırdır" - MAKRON
“26 ölkə Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazırdır”.
Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisin Yelisey sarayında Ukrayna və “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderləri, eləcə də Avropanın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən danışıqlar zamanı deyib.
Makron əlavə olaraq bildirib ki, 26 ölkənin qüvvələri Rusiyaya qarşı döyüşməyəcək, ancaq Ukraynada sülhə zəmanət verəcəklər:
“Bu qüvvələr Rusiyaya qarşı müharibə etməyəcək, yalnız sülhə zəmanət verəcəklər. Onlar həmçinin strateji siqnal göndərməlidirlər ki, məqsəd döyüşlərin yenidən başlamasının qarşısını almaqdır. İndi siz bu qüvvələrin harada yerləşəcəyini müəyyənləşdirirsiniz”- deyə Fransa lideri bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Yelisey sarayında təşkil edilən “İrəlilər Koalisiyası” toplantısında iştirak edib. Görüşdə 30-dan çox ölkənin nümayəndələri onlayn və oflayn formatda bir araya gələrək müharibənin dayandırılması və uzunmüddətli təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər. Görüşə, həmçinin ABŞ Prezidenti Donald Tramp da telefon zəngi ilə qoşulub.
Gülbəniz Səfərova






