media-media-img-20251022-wa00681-5v1mey

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də “BakuBus”a məxsus 3 nömrəli avtobusda sürücü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

Məsələ ilə bağlı Patrulaz.az-a cavab olaraq, “BakuBus” MMC-nin Mətbuat xidməti sərnişinlərdən baş verən hadisə zamanı yaranan narahatlığa görə üzr istəyib:

“Ötən gün sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı “BakuBus” MMC olaraq sərnişinlərdən baş verən hadisə zamanı yaranan narahatlığa görə üzr istəyir və “BakuBus” MMC-nin açıqlamasını diqqətinizə təqdim edirik. Bildirək ki, 22 oktyabr 2025-ci il tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli marşrut üzrə hərəkətdə olan olan 99-JU-240 dövlət qeydiyyat nişanlı avtobusda bir qrup sərnişinin arxa qapıdan minməyə çalışması səbəbindən sürücü ilə sərnişinlər arasında insident baş verib.Sürücü isə bunun müəyyən edilmiş qaydalara uyğun olmadığını izah edərək, təlimata uyğun hərəkət edib. Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsaslanır. Həmin norma üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsinin orta və arxa, minməsinin isə ön qapıdan həyata keçirilməsini nəzərdə tutur. Bu tələbin məqsədi ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkili ilə bağlıdır və qayda yalnız “BakuBus” MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur”.

Qurum, həmçinin hadisə zamanı sürücünün avtobusu dayandırmasına da aydınlıq gətirib. 

Bildirilib ki, sürücü avtobusun hərəkətini davam etdirsə də, “Gənclik” metrostansiyası yaxınlığında texniki nasazlıq səbəbindən dayanmalı olub:

“Sürücü yaranan nasazlıq barədə dərhal “BakuBus” MMC-nin Monitorinq Mərkəzinə məlumat verib və sərnişinlərin səfərini təmin etmək məqsədilə onları düşürərək eyni istiqamətdə hərəkət edən digər 3 nömrəli avtobusuna yönləndirib. Nasaz avtobus daha sonra “Dərnəgül” NMM-ə gətirilib və burada Texniki Servis Xidməti tərəfindən texniki nasazlıq aradan qaldırılıb. Hadisənin baş verməsindən sonra “BakuBus” MMC məsələni diqqətə alaraq sürücü ilə profilaktik söhbət aparıb və ona bu kimi hallarda daha təmkinli davranması ilə bağlı müvafiq təlimatlar verilib BakuBus” MMC olaraq sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı müəyyən edilmiş qaydalara riayət etmələrini və xidmətin nizamlı təşkili üçün bir-birinə anlayışla yanaşmalarını xahiş edirik”.

Xatırladaq ki, insident yaşlı qadının sıxlıq səbəbindən arxa qapıdan avtobusa minməsi ilə başlayıb. Onun bu hərəkəti sürücünün narazılığına səbəb olub və nəticədə o, nəqliyyat vasitəsini müvəqqəti dayandırıb.

Daha sonra sürücü avtobusu idarə etməyə başlayaraq “Gənclik” metrosu yaxınlığında dayanacaqdan kənarda saxlayıb və sərnişinlərə “Arxadan gələn avtobusa minin, bu avtobus işləməyəcək” deyə məlumat verib.


Bənzər xəbərlər