"Qəzalı mənzillər hərracda satılmazsa, dövlət onları alır" - Babək Umudov
Qəzalı vəziyyətdə olan evlərdə yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək və onlara normal yaşayış şəraiti yaratmaq məqsədilə dövlət tərəfindən yeni mənzillərlə təmin olunması prosesi bir sıra qanun və qaydalarla tənzimlənir. Bu, əsasən müvafiq dövlət proqramları, yaşayış binalarının tikintisi və təmiri ilə bağlı normativ aktlar, həmçinin Məşğulluq və Tikinti Kooperativləri (MTK) və ya digər yaşayış kompleksləri vasitəsilə həyata keçirilir.
Bəs bu proses hansı qaydalara əsasən tənzimlənir və bu mənzillərin satılması mümkün olduqda, bu proses hansı qaydada həyata keçirilir?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, qəzalı mənzillərin təmiri və ya satışı qanunvericiliyə uyğun həyata keçirilir, hərrac yolu ilə satış mümkün olmadıqda isə dövlət yeni mənzillərlə təmin edir:
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən:
– Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.
– Qəzalı vəziyyətə düşmüş mənzilin təmiri və ya bərpası mümkün olmadıqda, bu, məhkəmə tərəfindən təsdiqlənməlidir. Əgər mülkiyyətçi söküntü və ya yenidən tikintidən imtina edərsə və ya məhkəmənin müəyyən etdiyi müddətdə söküntü aparılmazsa, həmin mənzil açıq hərraca çıxarılır.
– Hərracda iştirakçıların sayı və digər şərtlər qanunvericiliklə müəyyən edilir.
– Mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb olunur və qiymət son üç ayda həmin ərazidə satılmış oxşar mənzillərin orta bazar qiyməti əsasında müəyyən edilir.
– Hərrac baş tutmazsa, təkrar hərrac keçirilir və qiymət ilkin qiymətdən 15% aşağı ola bilər. Təkrar hərrac da baş tutmazsa, dövlət həmin mənzili ilkin satış qiymətindən 25% az olmayan məbləğə alır.
– Hərracda mənzil satılmazsa (üç ay ərzində), bina dövlət tərəfindən alınmalıdır.
– Köçürülən vətəndaşlara sosial kirayə müqaviləsi ilə yeni mənzil verilir və bu mənzillər abadlaşdırılmış olmalı, əvvəlki mənzilin sahəsindən az olmamalı və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir”.

Hüquqşünasın sözlərinə görə, mənzillərin alınması və satışı normativ aktlarla tənzimlənir və vəsait yeni mənzillərə yönəldilir:
“Mənzillərin güzəştlə əldə edilməsi və satılması qaydaları ayrıca normativ aktlarla müəyyən edilir və bu prosesdə Mənzil İnşaatı Dövlət Agentliyi və digər müvafiq qurumlar iştirak edir. Mənzillərin satışı və satışdan əldə olunan vəsaitin istifadəsi qaydaları ayrıca normativ aktlarla tənzimlənir və bu vəsaitlər yeni mənzillərin alınması və ya tikintisi üçün istifadə oluna bilər”.
Cəmilə Cəfərzadə






