"İran millisi də daxil, heç kim Dünya Kubokundan kənarda qalmayacaq" - FİFA Prezidenti
FİFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Kuboku üçün hərəkətə keçib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA rəhbəri çempionata ev sahibliyi edəcək ABŞ, Kanada və Meksika hökumətləri ilə viza tələblərinin yumşaldılmasına dair danışıqlar aparır.
İnfantino bildirib ki, turnir zamanı heç bir ölkə üçün səyahət məhdudiyyəti olmamalıdır:
“Biz bütün komandaların, oyunçuların, rəsmi şəxslərin və azarkeşlərin maneəsiz səyahətini təmin edəcəyik. Siyasət idmandan kənar olmalıdır”.
Prezident vurğulayıb ki, vəsiqə qazanan bütün komandalar, o cümlədən İran millisi turnirdə mütləq iştirak edəcək. O, bu məsələni birbaşa ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini və azarkeşlər üçün viza prosedurlarını sürətləndirən “FIFA Pass” sisteminin tətbiq olunacağını söyləyib.
Xatırladaq ki, hazırda turnirin əsas ev sahibi olan ABŞ-nin miqrasiya qanunlarına əsasən, İran və Haiti vətəndaşlarına ölkəyə giriş qadağası tətbiq olunur. Seneqal və Fil Dişi Sahili vətəndaşları üçün isə girişdə qismən məhdudiyyətlər mövcuddur. FİFA-nın bu müdaxiləsi həmin ölkələrin azarkeşlərinin yarışda iştirakına yaşıl işıq yandıra bilər.
Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi Dünya Kuboku 11 iyun – 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.






