media-inshot_20250812_111742071

Ötən günlərdə Çexiyada 25 yaşlı qadın 5,52 kiloqram və 60 santimetr boyunda uşaq dünyaya gətirib. Bu rekorddur. Hətta Matey adlı körpənin anası Nikol Doçkalkova bətnində sanki iki uşaq daşıyırmış kimi hiss etdiyini bildirib.

Bəs gəlin görək, dünyanın ən iri körpəsi çexiyalı Mateydir?

Patrulaz.az mövzu barədə kiçik bir araşdırma edib.

Uşaq doğulduqda ailəyə gətirdiyi sevinc ölçüyə gəlməz. Amma bəzən dünyaya gələn körpənin çəkisi həm valideynləri, həm də həkimləri heyrətə salır.

Dünyada qeydə alınmış ən ağır çəkili yeni doğulmuş körpə 1879-cu ildə Kanadanın Ontario əyalətində Anna Bates adlı qadının dünyaya gətirdiyi 10,7 kiloqram çəkidə oğlan uşağı olub. Təəssüf ki, körpə doğulduqdan qısa müddət sonra həyatını itirib. 1955-ci ildə isə İtaliyanın Aversa şəhərində 10,2 kiloqram çəkidə bir körpə sağlam şəkildə dünyaya gəlib və bu hadisə hələ də tibbi qeydlərdə öz yerini qoruyur.

Belə hallara tibbi dildə makrosomiya deyilir. Bu, körpənin çəkisinin normal doğum çəkisindən (3–4 kq) xeyli artıq olması deməkdir. Makrosomiya adətən anada hamiləlik şəkəri, hormonal pozuntular, genetik faktorlar və ya həddindən artıq qidalanma səbəbindən baş verir. Körpənin iri olması doğum zamanı həm onun özü, həm ana üçün risk yarada bilir: çətin doğuş, zədələnmə və hətta təcili qeysəriyyə əməliyyatı ehtiyacı kimi fəsadlar yarana bilər.

Tibb mütəxəssisləri hamiləlik boyu mütəmadi müayinələrin vacibliyini vurğulayır. Çünki vaxtında aşkarlanan risk faktorları həm ananın, həm də körpənin sağlam gələcəyini qorumaqda həlledici rol oynayır.

Ləman Sərraf


Bənzər xəbərlər