media-photo-output

Evlərini kirayə verən şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq. Qanun layihəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə edilən gəlirlər vergiyə cəlb olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.

Bəs bu addım kirayə verənlərin gəlirlərinə və ümumilikdə icarə bazarına necə təsir göstərəcək?

Bu barədə hüquqşünas Ramil Süleymanov Patrulaz.az-a açıqlamasında bildirib ki, kirayə gəlirlərinə 10 faiz vergi tətbiqi kirayə haqlarının artmasına səbəb ola bilər:

“Ümumiyyətlə, istənilən halda vergilərin qaldırılması əhalinin ümumi rifahına təsir göstərəcək bir məsələdir. Təbii ki, qanunvericiliyə baxmaq lazımdır ki, bu vergiödəyiciləri adətən tərəflər arasında müqavilə münasibətləri olduqda, ödəniş mənbəyindən tutulan vergi kimi 14 faiz müəyyən olunmuşdu, yəni onsuz da 14 faiz tutulurdu.

İndi isə kirayə pulunu alan şəxslər əldə etdikləri məbləğin 10 faizini gəlir vergisi kimi ödəyəcəklər. Mən hesab edirəm ki, bu da kirayə ödəyən şəxslərin kirayə haqqının artmasına səbəb olacaq. Məsələn, bu gün əmlakını 500 manata kirayə verən şəxs sabah eyni evi 550 manata verəcək”.

media-inshot_20251029_172805491

Hüquqşünasın sözlərinə görə, qanunda kirayə gəlirlərinin rəsmiləşdirilməsi və rəsmi müqavilələr əsasında aparılmayan münasibətlərin tənzimlənməsi açıq şəkildə göstərilməlidir:

“İstənilən halda bunun müəyyən edilməsi çətin olacaq, çünki elə hallar ola bilər ki, şəxs evini kirayə vermir, sadəcə qohumuna verir. Ümumiyyətlə, bu məsələlər açıq qalacaq və gələcəkdə bu mövzuda ciddi mübahisələrin yaranması ehtimalı var. Bu səbəbdən mən hesab edirəm ki, qanunda təkcə gəlirlə bağlı maddə deyil, həm də gəlirlərin hansı formada və hansı əsasla rəsmiləşdiriləcəyi göstərilməlidir və yaxud da inzibati qanunvericilikdə bununla bağlı əlavə düzəlişlər olunmalıdır. Rəsmi müqavilələr əsasında aparılmayan münasibətlərin necə tənzimlənəcəyi qanunda açıq şəkildə qeyd olunmalı və ya inzibati qanunvericilikdə bununla bağlı əlavə düzəlişlər edilməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər