54 ildən sonra ilk dəfə insanlı kosmik gəmi Aya göndərildi - aralarında ilk qaradərili və qadın astronavt da var
NASA 54 ildən sonra ilk dəfə Aya insanlı kosmik gəmi göndərib.
Patrul.az xəbər verir ki, Artemis II missiyası çərçivəsində dörd astronavtdan ibarət “Orion” adlı kosmik gəmi ABŞ-nin Florida ştatındakı kosmik mərkəzdən uğurla buraxılıb.
Artemis II heyətinə NASA astronavtı Rid Vaysman və uçuş pilotu Viktor Qlover, eləcə də missiya mütəxəssisləri NASA astronavtı Kristina Koç və Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Ceremi Hansen daxildir.
Onlar arasında astronavt Kristina Koç Ay ətrafında səyahət edən və dərin kosmosa çıxan ilk qadın, Viktor Qlover isə Aya səyahət edən ilk qaradərili astronavtdır.
10 gün davam edəcəyi nəzərdə tutulan bu uçuş zamanı astronavtlar Aya eniş etmədən onun ətrafında dövr edərək sistemləri sınaqdan keçirəcək və gələcəkdə Aya eniş üçün vacib məlumatlar toplayacaqlar. Bu astronavtlar əvvəllər insan gözü ilə görülməmiş Ay hissələrini müşahidə edəcəklər.
Məlumata görə, gəmi aprelin 6-da Aya ən yaxın məsafəyə çatacaq, aprelin 10-da isə Yerə qayıdaraq Sakit okeana eniş edəcək.
Bu missiya 2028-ci ildə insanların Ay səthinə enməsini nəzərdə tutan Artemis IV (və ya növbəti mərhələ olan Artemis III) missiyaları üçün mühüm hazırlıq addımıdır.
Qeyd edək ki, bu, 1972-ci ildə baş tutan Apollo 17 missiyasından sonra Aya göndərilən ilk insanlı kosmik gəmi hesab olunur.

Gülbəniz Səfərova






