6 Noyabr - Azərbaycan Televiziya və Radio Günü
6 Noyabr Azərbaycanda media tarixinin mühüm səhifəsidir. Bu gün Azərbaycan Televiziyası və Radiosunun yaranma günü kimi qeyd olunur.
Patrul.az xəbər verir ki, 1956-cı ilin məhz bu günündə Bakıdan ilk televiziya yayımı həyata keçirilib və bu, ölkədə kütləvi informasiya sahəsində yeni bir dövrün başlanğıcı olub.
O illərdə cəmi bir neçə saat efirdə yayımlanan verilişlər sonradan ölkənin mədəni, sosial və ictimai həyatının ayrılmaz hissəsinə çevrildi. Televiziya və radio illər boyu yalnız xəbərləri çatdırmadı, həm də xalqın səsini, ruhunu, mədəniyyətini dünyaya tanıtdı.
Bu gün Azərbaycan mediası müasir texnologiyalarla, rəqəmsal platformalarla addımlasa da, televiziya və radionun səsi hələ də evlərin ən isti guşəsində qalır. Çünki o səs təkcə informasiya deyil, etibar, yaddaş və ənənə daşıyır.
6 Noyabr təkcə televiziya və radio əməkdaşlarının peşə bayramı deyil, həm də xalqla söz arasında körpü quranların günüdür. Bu gün ekran arxasında görünməyən, amma səsi ilə milyonlara yol tapan hər kəsin bayramıdır.
Ləman Sərraf






