media-inshot_20250808_114145168

8 avqust Kanada tarixində texnoloji irəliləyiş baxımından mühüm bir gündür. 1925-ci ilin bu günündə Toronto şəhərində ilk dəfə olaraq işıqfor quruldu. Bu hadisə sadəcə bir nəqliyyat axınının qarşısını almaq deyildi, bu, şəhərin gələcəyinə, təhlükəsizliyinə və intizamına atılan ilk ciddi addımlardan biri idi.

Patrulaz.az-ın araşdırmasına əsasən, ilk işıqfor Torontonun Yonge və Bloor küçələrinin kəsişməsində quraşdırıldı. Əvvəllər nəqliyyat axınını polis idarə edirdi, lakin artan avtomobil sayı artıq insan faktoruna əsaslanan idarəetmənin yetərli olmadığını göstərirdi. Beləcə, texnologiya köməyə çatdı – qırmızı, sarı və yaşıl rənglərin dili artıq Torontonun küçələrində danışmağa başladı.

İlk günlərdə insanlar bu “rəngli qutuya” şübhəylə yanaşırdı. Hətta, bəzi sürücülər və piyadalar onun necə işlədiyini anlamadıqları üçün qarışıqlıq da yaranırdı. Amma zaman keçdikcə bu sadə görünən sistem böyük bir nizamın təməl daşı oldu. İşıqfor, təkcə yol hərəkətini tənzimləmədi, həm də insanların vaxta hörmətini, qaydalara riayət etmə zərurətini simvolizə etdi.

Bu hadisədən cəmi bir əsr keçib, amma bu gün istənilən şəhəri işıqforsuz təsəvvür etmək mümkün deyil. Torontoda 1925-ci ildə yanan o ilk qırmızı işıq, əslində nəqliyyat tarixinin yaşıl işığına çevrildi.

Qeyd edək ki, bu, dünya tarixində ilk işıqfor deyildi. İlk işıqfor 10 dekabr 1868-ci ildə Londonda Britaniya Parlamentinin binası yaxınlığında quraşdırılmışdır. Onun ixtiraçısı Con Pik Nayt(John Peak Knight), dəmir yolu semaforu mütəxəssisi idi. İşıqfor əl ilə idarə olunurdu və iki semafor oxu var idi: üfüqi qaldırılmış – “stop” siqnalı, 45° bucaq altında endirilən isə – ehtiyatlı hərəkət demək idi.

Ləman Sərraf


Bənzər xəbərlər