9 əməliyyatla üzünü dəyişib, qardaşının kimliyi ilə gizləndi - 11 ildən sonra həbs edildi
Türkiyədə 11 il əvvəl törədilmiş qətlin icraçısı görünüşünü dəyişməsinə baxmayaraq polis əməliyyatı nəticəsində saxlanılıb.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2011-ci ildə Bursa şəhərində baş verib.
Belə ki, kazinoda mühafizəçi kimi işləyən sözügedən şəxs müdiri ilə birlikdə bir nəfəri qətlə yetirib.
Hadisə ilə bağlı açılan cinayət işi üzrə hər iki şəxs barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası çıxarılıb. Kazino müdiri həmin vaxt həbs edilsə də, mühafizəçi qaçaraq 11 il ərzində gizlənə bilib.
İstintaq zamanı müəyyən edilib ki, cinayətdən sonra İzmirə gedən şübhəli tanınmamaq üçün 9 estetik əməliyyat etdirərək üz cizgilərini tamamilə dəyişib.
Bununla da kifayətlənməyən cinayətkar qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək özünə yeni həyat qurub və mebel emalatxanasında işə düzəlib.
2026-cı ildə hüquq-mühafizə orqanlarının apardığı geniş araşdırmalar nəticəsində şübhəlinin yeri müəyyən edilib. Yüzlərlə təhlükəsizlik kamerasının görüntüləri təhlil olunduqdan sonra o, işə gedərkən mindiyi xidməti avtobusda saxlanılıb.
Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən şəxs cinayətin törədilməsindən 11 il sonra cəzaçəkmə müəssisəsinə göndərilib.
Gülbəniz Səfərova






