9 nəfəri qətlə yetirən şagirdin hər gün çantasını yoxlayan direktorun işdən çıxarılma səbəbi məlum olub
Kahramanmaraşda məktəbdə 8-ci sinif şagirdi Aras Mersinlinin qətli törətməzdən əvvəl hər gün çantasını yoxlayan məktəb direktorunun işdən çıxarılma səbəbi məlum olub.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, direktor və iki müavini şagirdlərin qiymətlərində qanun pozuntuları iddiaları ilə başladılan istintaq çərçivəsində işdən çıxarılıblar.
Belə ki, sözügedən şəxslər eyni məktəbdə oxuyan övladlarının yazılı imtahan qiymətlərini şişirdiblər. Müəllimlərin şikayətlərindən sonra məktəb direktoru və iki müavini inzibati vəzifələrindən azad ediliblər.
Hazırda isə həmin şəxslər müxtəlif məktəblərə müəllim təyin olunublar.
Xatırladaq ki, 15 apreldə Kahramanmaraşın Ayşər Çalık Orta Məktəbində 8-ci sinif şagirdi, 16 yaşlı İsa Aras Mersinlinin silahlı hücumu nəticəsində biri müəllim, qalanları şagird olmaqla 9 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Hücum edən şagird isə həlak olub. Hadisədən sonra cinayətkarın məmur olan atası da saxlanılaraq həbs edilib.
İnsidentdən sonra aparılan istintaq çərçivəsində sözügedən direktorun vaxtilə Mersinlinin çantasını yoxlatdığına və buna görə təzyiq altında vəzifəsindən uzaqlaşdırıldığı iddia edilirdi.
Gülbəniz Səfərova






