Abituriyent imtahanlardan hansı hallarda xaric edilə bilər? - EKSPERT DANIŞDI
11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.
Zala daxil olan kimi, hələ sual kitabçaları paylanmadan telefonu nəzarətçiyə təqdim edib. Lakin o, telefonla içəri girməyin qadağan olduğunu bildirərək abituriyenti imtahandan xaric edib.
Nəzarətçinin otağa daxil olduqdan sonra abituriyenti imtahandan xaric etməyi nə qədər doğrudur?
Ümumilikdə hansı hallarda abituriyent imtahandan xaric edilir?
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov Patrul.az-a fikirlərini bölüşüb:
“Hər bir imtahan zamanı imtahan iştirakçılarına Dövlət İmtahan Mərkəzi tərəfindən “Yaddaş kitabçası” ilə tanış olmaları barədə məlumat verilir və imtahanın keçirilməsi ilə bağlı əsas nüanslar hər bir abituriyentin “İmtahana buraxılış vərəqəsi”ndə də qeyd edilir. Orada imtahan zamanı əməl edilməli olan qaydalar yer alıb”.

Ekspert ən vacib məqamın imtahan binasına mobil telefon və ya digər əlavə vasitə ilə daxil olmaq ilə bağlı olduğunu söyləyib:
“Abituriyent “İmtahana buraxılış vərəqəsi”i çap etdikdə onun üzərində də “imtahan binasına, zalına mobil telefon, ağıllı saat, çanta, xarici yaddaş qurğuları və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” və s halların qadağan olması da qeyd edilib. Şagirdin imtahan binasına qadağan edilmiş vasitə, vəsait və ya əşya keçirtdiyi müəyyənləşdirilərsə bu barədə imtahan rəhbəri tərəfindən akt tərtib edilir və bu vasitə, vəsait və ya əşyalar araşdırma aparmaq üçün Dövlət İmtahan Mərkəzinə təhvil verilir”.
“Adətən abituriyentlər imtahana gəldikdə onlar ilə barabər ailə üzvlərindən kimsə, yaxın qohum və ya dostlarından biri də imtahan iştirakçısı ilə gəlir və o, üzərində olan mobil telefon və ya digər vasitəni həmin şəxsə təqdim edir. Bəzən başqa şəxs olmadığı üçün abituriyent də bilmədən üzərində mobil telefonla imtahan binasına daxil ola bilər. Bu da təbii ki,imtahan qaydalarının pozulması ilə nəticələnə bilir. Ona görə də qeyd olunan problemlər də meydana gələ bilir. Eyni zamanda imtahan iştirakçılarına dəstək olmaq üçün valideynlərinin də imtahan binasına gəlməsi də tövsiyə olunur”,– deyə o əlavə edib.
V.Əzizov yuxarıda qeyd olunan hallarla bərabər imtahan iştirakçılarının imtahana buraxılmadığı halları qeyd edib:
– tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda;
– saxta sənəd təqdim etdikdə;
– imtahan binasına imtahana gətirilməsi qadağan edilmiş əşyalarla daxil olmağa cəhd etdikdə.
– imtahana öz yerinə başqasını göndərmək;
– imtahan binasına imtahanın başlanmasına 15 dəqiqə qalmışdan gec gəldikdə;
Qarşıdakı imtahanlarda abituriyentlər bu kimi hallarda daha diqqətli olmalıdır.
Ləman Sərraf






