ABŞ-də qalmaqallı oyun: “Epşteynlə beş gecə” narahatlıq doğurur
ABŞ-də “Epşteynlə beş gecə” adlı kompüter oyununun sürətlə populyarlaşması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə valideynlər hesab edir ki, bu cür oyunlar uşaqlarda reallıq hissini zəiflədir və zorakılığı normallaşdırır.
Patrul.az xəbər verir ki, oyun qısa müddətdə – cəmi bir ay ərzində 200 min istifadəçi toplayıb və onların böyük əksəriyyətini uşaqlar təşkil edir. Oyunun süjetinə əsasən, iştirakçılar özlərini cinsi istismara məruz qalan qurbanların yerində hiss edir və məşhur maliyyəçi Ceffri Epşteynin adası kimi təqdim olunan məkanda tələyə düşürlər. Oyunun məqsədi beş gecə sağ qalmaq və Epşteynə görünməməkdir.
Valideynlər və mütəxəssislər bu tip simulyasiyaların psixoloji təsirlərindən narahatdır. Onların fikrincə, belə məzmun uşaqların zorakılığa qarşı həssaslığını azalda bilər və təhlükəli davranışların adi hal kimi qəbul edilməsinə səbəb ola bilər.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə cinsi istismar və azyaşlıların alveri ilə bağlı ittihamlarla həbs olunmuşdu. ABŞ prokurorluğu onun 2002–2005-ci illərdə Nyu-Yorkun Manhetten rayonundakı evinə onlarla azyaşlı qızın gətirilməsini təşkil etdiyini bildirmişdi. Qurbanlardan ən kiçiyinin cəmi 14 yaşı olduğu qeyd olunurdu.
Epşteynə qarşı cinayət işi onun 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılmasından sonra bağlanıb.
Daha sonra, 2024-cü ilin yanvarında Nyu-Yorkun Cənub dairə məhkəməsi işlə bağlı sənədlərin açıqlanmasına başlayıb. Bu sənədlərdə 150-dən çox şəxsin adı çəkilir. Siyahıda ABŞ-nin keçmiş prezidenti Bill Klinton, ölkənin hazırkı lideri Donald Tramp, Böyük Britaniya kralı III Çarlzın qardaşı Şahzadə Endryu, eləcə də Bill Geyts kimi tanınmış şəxslər də yer alıb.
ABŞ Ədliyyə Nazirliyi yanvarın 30-da işlə bağlı milyonlarla səhifə sənəd, video və foto materialları da yayımlayıb. Bu fonda İlon Mask məsələ ilə bağlı açıqlama verərək, Epşteynin müştərilərindən ən azı bir nəfərin məsuliyyətə cəlb olunmasına çağırış edib.
Mövzu ətrafında müzakirələr davam edir və mütəxəssislər hesab edir ki, xüsusilə uşaqlar üçün nəzərdə tutulmayan belə məzmunlara nəzarət gücləndirilməlidir.
Aynur Nadirqızı






