ABŞ-də tanınmış siyasi aktivist Çarli Kirk çıxışı zamanı güllələndi - VİDEO
ABŞ-də tanınmış mühafizəkar siyasi aktivist, yazıçı və media siması Çarli Kirk güllələnib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Utah Valley Universitetində keçirilən tədbir zamanı baş verib.
Belə ki, yazıçı stolda əyləşmiş vəziyyətdə pərəstişkarları ilə söhbət edərkən naməlum şəxs atəş açıb. Hadisə zamanı güllə onun boynuna dəyib. Kirk qan içində təcili olaraq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Görüntülərdə hadisədən sonra insanların panika içində ətrafa qaçdıqları əks olunub.
Məlumata görə, hadisəylə əlaqədar iki nəfər saxlansa da, daha sonra onların günahsız olduğu ortaya çıxıb. Atıcının binanın damından tələbə həyətindəki ictimai tədbirin keçirildiyi yerə qədər atəş açdığı güman edilir. Hazırda atəş açan şəxsin axtarışı və istintaqı davam etdirilir.
Hadisəylə bağlı ABŞ Prezidenti Donald Tramp “iyrənc sui-qəsddən kədər və qəzəblə dolduğunu” deyərək, bunu “Amerika üçün qaranlıq an” adlandırıb.
“Yuta kollec şəhərciyində Çarli Kirkin iyrənc qətlinə görə kədər və qəzəblə doluyam. Çarli milyonlarla insanı ruhlandırırdı və bu gün onu tanıyan və sevənlərin hamısı şok və dəhşət içində birləşib. Çarli həyatını açıq müzakirələrə və Amerikaya – çox sevdiyi ölkəyə həsr edən vətənpərvər idi”, – deyə ABŞ prezidenti bildirib.
Çarli Kirk kimdir?
1993-cü ildə Çikaqo yaxınlığında anadan olan Kirk universitet təhsilini yarımçıq qoyaraq siyasətə yönəlib. 2012-ci ildə “Turning Point USA” adlı qeyri-kommersiya təşkilatını qurub. Təşkilat ABŞ universitetlərində gənclər arasında mühafizəkar ideologiyanın və sərbəst bazar prinsiplərinin təbliği ilə məşğul idi.
Kirk ABŞ-in ən təsirli gənc mühafizəkar simalarından biri sayılırdı. O, “Fox News” və digər mühafizəkar kanallarda tez-tez çıxış edir, “The Charlie Kirk Show” adlı məşhur podkast və radio proqramının aparıcısı idi. Mövzularında əsasən siyasət, mədəniyyət mübarizəsi, din və ailə dəyərləri yer alırdı.
Kirk eyni zamanda ABŞ-də solçuluğu, liberal ideologiyanı və “woke” hərəkatını sərt tənqid edən çıxışları ilə tanınır. O, Donald Trampın güclü tərəfdarlarından bir idi.
Gülbəniz Səfərova






