ABŞ-dən açıq mesaj: "İran xalqı tək deyil"
BMT Təhlükəsizlik Şurasında İranda dekabrın 28-də başlayan etirazlarla bağlı iclas keçirilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin tələbi ilə keçirilən iclasda Amerikanın BMT-dəki səfiri Mayk Uolts çıxış edərək İran hakimiyyətini vətəndaşlara qarşı zorakılıq və genişmiqyaslı repressiyalarda ittiham edib.
Səfir bildirib ki, İran rejiminin öz xalqına qarşı tətbiq etdiyi zorakılıq artıq daxili məsələ çərçivəsindən çıxaraq beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təsir göstərir.
Uolts qeyd edib ki, Tehran baş verənləri “daxili iş” kimi təqdim etməyə çalışacaq, lakin bu yanaşma tamamilə yanlış və əsassızdır. Onun sözlərinə görə, mövcud vəziyyət BMT Təhlükəsizlik Şurasının birbaşa diqqətini və müdaxiləsini tələb edir.
“İran xalqı İslam Respublikasının tarixində görünməmiş səviyyədə azadlıq tələbi ilə çıxış edir”, – deyə səfir vurğulayıb.
Səfir küçələrə çıxan insanların silahsız və dinc vətəndaşlar olduğunu da xatırladıb. Onun sözlərinə görə, etirazçılar vətənlərini sevən, daha yaxşı gələcək uğrunda qanuni tələblər irəli sürən insanlardır.
ABŞ rəsmisi çıxışı zamanı Vaşinqtonun mövqeyini də açıq şəkildə ifadə edərək bildirib ki, Prezident Donald Tramp və ABŞ cəsur İran xalqının yanındadır.
Xatırladaq ki, yanvarın 15-də Ağ Evin sözçüsü Karolin Livitt də İrandakı etirazlarla bağlı açıqlama verib. O bildirib ki, Donald Trampın İranla bağlı bütün variantları nəzərdən keçirdiyi müzakirə olunur.
Ağ Ev sözçüsünün sözlərinə görə, İran tərəfi ABŞ administrasiyasına edamların dayandırıldığını, o cümlədən əvvəlki gün həyata keçirilməsi gözlənilən 800 edamın ləğv edildiyini bildirib.
“Buna görə də Prezident və onun komandası vəziyyəti yaxından izləyir və Prezident üçün bütün variantlar masada qalır”, – deyə Karolin Livitt əlavə edib.






