ABŞ-dən Macarıstana sərt zərbə: “Putinin qarşısını alma” sanksiyaları yoldadır
ABŞ senatorları – demokrat Cin Şahin və respublikaçı Tom Tillis – Ukraynaya yardıma mane olan Macarıstan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan “Putinin qarşısını alma” adlı qanun layihəsi təqdim etməyə hazırlaşırlar.
Patrul.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Layihəyə əsasən, sənəd qəbul edilərsə, ABŞ prezidenti Donald Tramp Macarıstanın bəzi rəsmilərinə qarşı sanksiyalar tətbiq etməli və onlara viza verilməsini qadağan etməlidir. Söhbət Rusiyadan enerji resurslarının alınmasında iştirak edən və Ukraynaya dəstəyə mane olan şəxslərdən gedir.
Tom Tillisin sözlərinə görə, ABŞ və müttəfiqləri Ukraynaya dəstək məsələsində vahid mövqe nümayiş etdirməli və Rusiyanın gəlir mənbələrinin qarşısını qəti şəkildə almalıdır.
Senator əlavə edib ki, bu qanun layihəsi yüksək vəzifəli macar məmurların məsuliyyətə cəlb olunmasını hədəfləyir və eyni zamanda Macarıstana müttəfiqlərlə münasibətləri bərpa etmək üçün aydın yol göstərir. Bu yol Rusiyadan enerji asılılığının azaldılması və Ukraynaya dəstəyə maneələrin aradan qaldırılmasından keçir.
Xatırladaq ki, 2026-cı ilin fevralında Macarıstan Ukraynaya ayrılması nəzərdə tutulan kreditə və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə veto qoymuşdu. Buna səbəb Ukraynanın “Drujba” neft kəməri ilə Rusiya neftinin nəqlini dayandırması olmuşdu. Həmçinin, martın 19-da Avropa İttifaqı Macarıstan və Slovakiyanın vetosu səbəbindən Ukraynaya hərbi kredit ayrılmasını təsdiqləyə bilməmişdi.
Aynur Nadirqızı






