ABŞ Ermənistana nüvə texnologiyası verir - Təfərrüat
Ermənistanın mülki nüvə enerjisi sektorunu modernləşdirmək və ölkəni Rusiyanın enerji asılılığından qoparmaq üçün praktiki addımlara başlayıb.
Patrul.az rəsmi mənbələrə istinadən xəbər verir ki, cari ilin 19-22 may tarixlərində ABŞ-nin aparıcı mühəndislik və məsləhətçi şirkəti “Sargent & Lundy”nin ekspert qrupu İrəvanda səfərdə olub.
Səfər çərçivəsində Amerika tərəfi köhnə rusiya tipli Metsamor Atom Elektrik Stansiyasının (AES) qabaqcıl Amerika Kiçik Modul Reaktorları (SMR) ilə əvəz olunması üzrə ilkin texniki-iqtisadi qiymətləndirmə hesabatını tamamlayaraq Ermənistan hökumətinə təqdim edib.
Missiya ABŞ Dövlət Departamentinin FIRST proqramı çərçivəsində maliyyələşdirilib. ABŞ bu layihə və ixracat paketi çərçivəsində Ermənistanın nüvə sektoruna 9 milyard dollaradək investisiya yatırmağı planlaşdırır.
Hazırkı Metsamor AES-in fəaliyyəti 2036-cı ilə qədər uzadılıb. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, ABŞ, Rusiya, Çin və Cənubi Koreyanın təklifləri arasında yekun model seçimi 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində reallaşacaq.






