media-inshot_20260408_113248572

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü səhər saatlarında İranla iki həftəlik atəşkəs barədə qərar qəbul edildiyini açıqlayıb.

Tramp bildirib ki, rəsmi Tehran danışıqlar üçün “işlək” hesab olunan 10 maddəlik təklif planını ABŞ-yə təqdim edib. Prezidentin sözlərinə görə, tərəflər arasında keçmişdən qalan mübahisəli məqamların demək olar ki, hamısı razılaşdırılıb.

Atəşkəsi təmin edən 10 bəndlik planda nələr var?

Patrul.az xəbər verir ki, İran mediası planın əsas tezislərini yayıb. Tərəflər arasında aprelin 10-da Pakistanın İslamabad şəhərində keçiriləcək danışıqların əsasını təşkil edəcək şərtlər bunlardır:

1. Hücum etməmə zəmanəti: ABŞ-nin İrana qarşı hərbi təcavüzdən imtina etmək öhdəliyi.

2. Hərbi qüvvələrin çıxarılması: ABŞ döyüş qüvvələrinin bölgədən tam çıxarılması və bazalardan hücum məqsədilə istifadənin qadağan edilməsi.

3. Hizbullah və proksi qüvvələr: Livanda Hizbullah da daxil olmaqla, bütün “müqavimət” cəbhələrində müharibənin və təcavüzün dayandırılması.

4. Hörmüz boğazı: Boğaz üzərində İranın nəzarətinin davam etməsi və keçidlərin İranın qaydalarına tabe olması.

5. Uranın zənginləşdirilməsi: ABŞ-nin İranın uranı zənginləşdirmə hüququnu rəsmən tanıması.

6. İlkin sanksiyalar: İrana qarşı tətbiq edilən bütün əsas (birinci dərəcəli) sanksiyaların ləğvi.

7. İkinci dərəcəli sanksiyalar: Digər ölkələrin İranla ticarətinə mane olan bütün ikinci dərəcəli sanksiyaların ləğvi.

8. BMT və BAEA qərarları: BMT Təhlükəsizlik Şurasının və BAEA İdarə Heyətinin İrana qarşı bütün qətnamələrinin ləğvi.

9. Təzminat ödənilməsi: İnvestisiya fondu vasitəsilə İrana dəymiş iqtisadi zərərin kompensasiya edilməsi.

10. Nüvə öhdəliyi: İranın nüvə silahı istehsal etməmək öhdəliyini götürməsi və zənginləşdirmə səviyyəsi ilə bağlı müzakirələrə razılığı.

Qeyd edək ki, Donald Tramp bu planı gələcək danışıqlar üçün “işlək baza” adlandırıb. Atəşkəs müvəqqəti xarakter daşısa da, bu, böyük müharibə riskinin azaldılması yolunda mühüm addım kimi qiymətləndirilir.


Bənzər xəbərlər